20-ci il və barak-siniflərdən dünyaya ...


Rıfat Ilqazın “Hababam sinfi” adlı yumor kitabının ekranlaşdırılmış variantına bu günə qədər milyonlarla insan tamaşa edib. Filmin bir yerində Hababam sinfinin məşhur müəllimi Keçəl Mahmudun söylədiyi: “Məktəb yalnız dörd divarı, bir damı olan yer deyil, məktəb hər yerdir ...” sözləri əksəriyyətin dilində əzbər olub.
Bu günlərdə Avstraliyanın Sidney şəhərində Şulə kollecinin 2012-ci il məzunları üçün təşkil edilən mərasimə qatıldım. Tədbir başlamazdan əvvəl qonaqlarla söhbətimiz zamanı məktəbin ilk günləri anıldı və “Haradan hara gəldi” deyənlər oldu. “Hababam sinfin”də deyilən “məktəb hər yerdir” ifadəsəni də bu səbəbdən xatırladım.
Şulə kolleci 1995-ci ildə təhsil fəaliyyətinə “portable”, yəni daşınabilən konteyner böyüklüyündəki taxta barakda başlamışdı. Bu gün Sidneydə iki düşərgəsi, binası və əyani vasitələri ilə çox yaxşı imkanlara sahib olan Şulə kolleci universitetlərə tələbə vermək sahəsində NSV (New South Wales) əyalətində ad çıxarmış bir təhsil ocağıdır.
Sidneyin gözəl məkanlarından birində keçirilən məzun gecəsində iştirak edən Türkiyə səfirliyinin Sydneydəki Təhsil Attaşesi əvəzi də kollecin qazandığı müvəffəqiyyətlərə diqqət çəkdikdən sonra onun Avstraliyada yaşayan cəmiyyət üçün əhəmiyyətindən danışdı.
Bu gün Avstraliya xarici işlər naziri olan Bob Karr, NSW Əyalət Baş Naziri olduğu illərdə Şulə kollecini ziyarəti edərkən ifadə etdiyi “bu məktəblərdən məzun olanları ən yaxşı yerlərdə görmək istəyirəm” sözləri bu gün reallığa çevrilib.
Şulə kolleci məzun gecəsi keçirilən gün minlərlə kilometr kənarda, Azərbaycanın Quba şəhərində Türkiyədən gələn təhsil könüllülərinin 1993-cü ildə açmış olduqları Türk Liseyində də bir mərasim idi. “Çağ” Öyrətim Şirkətinə bağlı Quba Özəl Türk Liseyini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun “Gələcək nəsillərin yetişdirildiyi məktəblərdə aparılan işlər çox əhəmiyyətlidir” deyərək, təhsil üçün edilən fədakarlıqların əhəmiyyətini vurğulayırdı.
Quba Türk Liseyi də konteyner böyüklüyündəki taxta barakalarda fəaliyyətə başlamışdı. Bu barakalardan riyaziyyat üzrə “dünya çempionu” çıxdı. Quba liseyi bu günə qədər 45-ə qədər medal alıb. Daşınabilən barak-siniflərdən ikisi bu gün də muzey olaraq məktəbin bağçasında qorunur və içində köhnə illərə aid fotoşəkillər saxlanılır. Dünyanın məşhur elm adamlarından olan professor Kamal Karpat uğurları barədə eşitdiyi bu məktəb görmək üçün Qubaya gəlmiş və buradakı barak-sinifləri görüncə kövrəlmişdi. Xatırladaq ki, bu barak-siniflərin taxta qapısı eyni zamanda yazı lövhəsi kimi istifadə edilirmiş. Bu məktəbdən məzun olan jurnalist yoldaşımız, o günləri xatırlayarkən bildirdi ki,  lövhədən istifadə etmək üçün sinfin qapısı bağlı olmalı idi. O siniflərdə qışın soyuğunda, yayın istisində dərs demək asan olmayıb. Fədakar təhsil heyəti oralardan dünya səviyyəsində çempionlar çıxardı. Bu gün o məktəbdən məzun olanların çoxu Azərbaycanda və xarici ölkələrdə böyük uğurlara imza atırlar. Əlbəttə, daha sonralar Quba Türk Liseyi üçün yeni bina tikildi və məktəb müasir  avadanlıqlarla təmin edildi. Bir neçə ay əvvəl də “ağıllı lövhə”lər “Çağ” Öyrətim şirkətinin bütün məktəblərində şagirdlərin ixtiyarına verildi. Quba Liseyinin məzunlarının bu il qəbul imtahanlarında topladıqları orta balla ölkə birincisi olduqlarını da xatırlatmaq yerinə düşər.
Azərbaycanda Quba liseyi kimi, çoxlu təhsil müəssisəsini özündə birləşdirən “Çağ” Öyrətim şirkəti 27 noyabr günü təntənəli mərasimlə Bakıda 20-ci ilini qeyd edəcək.
Bu gün “Çağ” Öyrətim şirkətinin məktəblərini, universitetə hazırlıq kurslarını və Qafqaz Universitetini bitirən azərbaycanlı gənclər dünyanın müxtəlif yerlərində qazandıqları uğurlarla Azərbaycanı ən yaxşı şəkildə təmsil edirlər.
“Çağ” Öyrətim şirkətinin fəaliyyətinin 20-ci ili münasibətilə təbrik edir, uğurlarının davam etməsini arzulayıram. s.unal@zaman.az
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=45910

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF