“Çağ Öyrətim” şirkətinin 20 illik yubileyi keçirilib
Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” öyrətim” adlı geniş konfrans keçirilib. Modern.az-ın məlumatına görə, Gülüstan sarayında keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, Azərbaycanın bir sıra təhsil müəssisələrinin nümayəndələri və Türkiyənin təhsil mütəxəssisləri iştirak ediblər.
“Etimada sədaqətlə 20 il” devizi altında keçirilən yubiley tədbirində Türkiyənin prezidenti Abdulla Gülün təbrik məktubu oxunub. Daha sonra şirkətin 20 illik uğurlu fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə qonaqları salamlayan şirkətin idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək geridə qalan 20 illik fəaliyyətlə bağlı geniş nitq söyləyib. Daha sonra konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycanın təhsil sistemində gördüyü mühüm işlərdən söz açıb və şirkəti 20 illik yubileyi münasibəti ilə təbrik edib.
Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Mehmet Sağlam da Azərbaycanın təhsil sistemində görülən işlərlə bağlı fikirlərini çatdırıb. O, bu istiqamətdə “Çağ” Öyrətim İşlətmələri şirkətinin qazandığı uğurların davamlı olacağını və atılan addımların Azərbaycanın təhsili üçün müsbət nəticələrə gətirib çıxaracağını bildirib. Mərasimdə daha sonra Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunublar.
Həmçinin “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları qazandıqları uğurlara görə təltif ediliblər.
http://modern.az/articles/31501/1/