Qafqaz Universitetinin müəllimi respublika birincisi olub
ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində gənc tədqiqatçılar üçün fakültə inkişaf proqramı üzrə müsabiqə keçirilib.
“Fakültə İnkişaf Proqramı” çərçivəsində keçirilən müsabiqə artıq
başa çatıb. Üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycan ali təhsil
müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və
elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları
iştirak ediblər. Qeyd edək ki, müsabiqənin yekun nəticələrinə görə,
Qafqaz Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Heydər
Eminli ABŞ Dövlət Departamentinin Azərbaycan ali məktəblərinin gənc
fakültə əməkdaşları üçün həyata keçirdiyi Fakültə İnkişaf Proqramı
müsabiqəsinin qalibi olub. Universitetin mətbuat xidmətindən
“Qafqazinfo”ya verilən məlumata görə, H. Eminli qrant mubadilə proqramı
üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim
keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq. Qeyd edək
ki, cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil
ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında
ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla
yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini
təkmilləşdirməkləri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda
universitetlərarası əlaqələr yaratmaq və inkişaf etdirmək imkanları
qazanacaqlar.
Nigar Məmmədli
Nigar Məmmədli