XEZER XEBER: “Qafqaz”ın tələbələri “Petkim”də təcrübə keçib
ARDNŞ-nin struktur tərkibində fəaliyyət göstərən “Azərikimya”
İstehsalat Birliyinin kollektivi hələ iki il əvvəl respublikamızın
qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından olan, ölkəmizin müxtəlif
sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlayan Qafqaz Universiteti ilə
əlaqələrin əsasını qoyub. Qarşılıqlı razılaşma üzrə ötən dövrdə bu ali
təhsil ocağının texniki və iqtisadiyyat fakültələrinin müəllim və tələbə
heyəti ilə bir sıra görüşlər, diskussiyalar və digər tədbirlər keçirən
Birlik kollektivi tələbələrin kimya müəssisələrində təcrübədə olmaları,
nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün mühüm
addımlar atıb. Lakin gələcək mütəxəssislərin yalnız “Azərikimya”da
deyil, həm də regionun daha yüksək inkişaf etmiş neft-kimya nəhəngi olan
“Petkim”də - müasir texnologiyalar əsasında yaradılmış çoxsaylı
müəssisələri ilə tanınan, dünyanın bir çox ölkələrinə keyfiyyətli və
geniş assortimentdə neft-kimya məhsulları ixrac edən bu şirkətdə təcrübə
keçmələri üçün Birlik rəhbərliyinin təşəbbüsü ilə “Azərikimya” - Qafqaz
Universiteti - “Petkim” üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanıb.Məhz
həmin müqavilə çərçivəsində “Azərikimya”nın təşkilatçılığı və maliyyə
dəstəyi ilə fevralın birinci yarısında “Qafqaz”ın bir qrup qabaqcıl
tələbəsi ilk dəfə olaraq, “Petkim”də istehsalat təcrübəsi keçərək,
Bakıya qayıdıblar.Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya
mühəndisliyi, həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları
üzrə təhsil alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı
və yuxarı təzyiqli polietilen sexlərində, insan resursları
departamentində, idarəetmə mərkəzlərində təcrübə keçiblər.
Elektron-kompyuter sistemi üzrə idarə olunan modern qurğularla, müasir
texnoloji proseslərlə bilavasitə tanış olan tələbələr öz nəzəri
biliklərini istehsalatla əlaqədə daha da dərinləşdirib, müstəqil işləmək
imkanı verən təcrübi bilik və vərdişlər qazanıblar.
Tələbələr həm istehsalat təcrübəsi zamanı, həm də işdən sonra - asudə vaxtlarında “Petkim”in nümayəndələri tərəfindən onlara daim diqqət və qayğı göstərildiyindən razılıqlarını ifadə ediblər. Universitetin rəhbərliyi belə bir faydalı istehsalat təcrübəsinin təşəbbüskarı olan ARDNŞ-in və təcrübənin səmərəli keçməsi üçün maksimum səy göstərmiş “Petkim”in səlahiyyətli nümayəndələrinə öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.
http://www.xezerxeber.com/XeberOxu.aspx?id=7181#.T0c2dIcv3GY