Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Bakı toplantısı yekunlaşıb

07:47 / 28.02.2012
Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-dən 26-dək Bakıda keçirilən ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində daha bir görüş gerçəkləşib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda baş tutan görüşün keçirilməsində məqsəd qurumun qarşısında duran əsas vəzifələr, onların həlli yolları, fəaliyyət proqramları, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısı, onun ölkəmizdə fəaliyyət göstərən teatrların dünya arenasına çıxışındakı mövqeyi haqqında fikirlərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu toplantı ASSİTEJ-ə üzv olan ölkələrin uşaq və gənclər teatrları arasında yaradıcılıq və təcrübə mübadiləsinin genişlənməsi istiqamətində mühüm addımdır. Milli Mərkəzin rəhbəri ASSİTEJ-in Azərbaycan üzrə nümayəndə heyətini qonaqlara təqdim edib. Görüşdə Milli Mərkəzin üzvləri – Cənnət Səlimova, Vaqif Əsədov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Səriyyə İsmayılova, Şövqi Hüseynov, quruluşçu rejissor Nicat Kazımov və başqaları iştirak ediblər. ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika) toplantı çərçivəsində komitənin təşkil etdiyi seminar və treninqlərin gənc mütəxəssislərə müasir dünya teatrlarında baş verən proseslərlə daha yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb. Ölkəmizdə ikinci dəfə səfərdə olduğunu deyən İ.Hardi qonaqpərvərliyə və toplantının yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edib.
Daha sonra ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin idarə heyətinin üzvləri, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, Bakı Slavyan Universitetinin professoru, Alman-Azərbaycan Cəmiyyətinin rəhbəri Çingiz Abdullayev son illər Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatındakı mühüm dəyişiklikləri, dünyada artan nüfuzunu Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiriblər. Onlar qeyd ediblər ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə fəaliyyət göstərən teatrların dünyaya inteqrasiyası nəzərdə tutulub. Ötən ilin mayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv seçilib.


Çıxış edənlər gələcək 3 il ərzində fəaliyyət proqramı haqqında fikirlərini bölüşüblər.
Daha sonra Nobel mükafatı laureatı, Norveç yazıçısı və dramaturqu Knut Hamsunun “Viktoriya” tamaşası nümayiş etdirilib. İki hissəli məhəbbət balladasının quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı mərhum rəssam Fuad Qafarov, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları Lətifə Əliyeva, Ayşad Məmmədov, Günel Məmmədova, Elnur Kərimov, Asya Atakişiyeva, Şəfəq Əliyeva, Sərvər Əliyev, Elşən Hacıbabayev, Rəzzaq Məmmədov, İlham Əsədov və başqaları ifa ediblər.
Fevralın 26-da isə ASSİTEJ-in İcra Komitəsinin toplantısının bağlanış mərasimi həyata keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov qonaqlara təşəkkürünü bildirərək, toplantının hər iki tərəf üçün uğurlu nəticələr əldə olunmasında əhəmiyyətli olduğunu, toplantı çərçivəsində keçirilən seminar və treninqlərin öz müsbət təsirini göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
Bağlanış mərasiminin Azərbaycanın ən faciəli günü olan Xocalı soyqırımının 20-ci ildönümünə təsadüf etdiyini bildirən M.Həmidov faciə haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra faciə qurbanları bir dəqiqəlik sükutla yad olunub.
ASSİTEJ-in prezidenti İvetta Hardi toplantının faydalı nəticələrlə yekunlaşdığını, müzakirələrin səmərəli və uğurlu olduğunu dilə gətirərək yaradılan yüksək təşkilatçılıq işinə və Azərbaycanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Milli Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra toplantıda iştirak edən Almaniya, İslandiya, Hindistan və digər ölkələrin təmsilçiləri çıxışlarında Azərbaycan mədəniyyəti, teatr və musiqi sənətinin onları valeh etməsi barədə məftunluqla danışaraq, “Biz özümüz üçün Azərbaycan adlı yeni və əsrarəngiz bir ölkə kəşf etdik və bundan çox məmnun olduq” – söyləyiblər.
HÜSNİYYƏ
http://www.525.az/view.php?lang=az&menu=6&id=41442

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF