Auditor Palatasının rəhbərliyi Qafqaz Universitetində olmuşdur.
22 February, 2012
Qafqaz Universitetində Azərbaycan Respublikası
Auditorlar Palatası rəhbərliyi ilə universitetin akademik heyəti
arasında tanışlıq xarakterli görüş keçirilmişdir. Görüşdə palatanın
sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov; sədr müşaviri
Aydın Kərimov; qurumun kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat
idarəsinin rəisi Səbuhi Gülməmmədov; Qafqaz Universitetinin rektoru
Əhməd Saniç ilə yanaşı universitetin İqtisadiyyat və İdarəetmə
Fakültəsinin professor-müəllim heyəti iştirak etmişdir. Açılış nitqində
rektor Əhməd Saniç ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edərək
universitetin Auditorlar Palatası ilə birgə fəaliyyətin təşkilində
maraqlı olduğunu bildirmişdir.
Auditor Palatasının sədri Vahid Novruzov çıxışında
palatanın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. O
qeyd etmişdir ki, rəhbərlik etdiyi qurum ölkədə auditor fəaliyyətinə
nəzarət edir və bu sahədə kadr hazırlığının inkişafı istiqamətində
xidmət göstərir. Auditor fəaliyyətinin bütün istiqamətlərində, o
cümlədən dövlət, müstəqil və daxili auditlə əlaqədar ölkədə
qanunvericiliyin mövcud olduğunu qeyd edən Vahid Novruzov onu da
bildirmişdir ki, Azərbaycan Respublikasının Auditorlar Palatası müvafiq
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Onun sözlərinə görə,
sözügedən əməkdaşlıq çərçivəsində palata dəyişən beynəlxalq audit
standartları ilə əlaqədar dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi
istiqamətində də fəaliyyət göstərir. Görüş Auditorlar Palatasının
digər nümayəndələrinin çıxışları ilə davam etmişdir. Daha sonra qonaqlar
araşdırma mərkəzləri və laboratoriyalara baxış keçirərək universitetin
elmi-texniki potensialı ilə yaxından tanış olmuşdurlar.
Rüstəm Hacıyev