Xocalı rənglərin dili ilə: Qafqaz Universitetində Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi.
20 il gormədiyimiz Xocalı düşüncənizdə necə canlanır?
Xocalını necə təsəvvür edirsiniz, nəyi xatırlayırsınız?
Xocalını rənglərin diliylə necə ifadə edə bilərsiniz?
Universitetin
tələbələrinə ünvanlanan bu sualların cavabları bu gün rənglərin dili
ilə ifadə edilirdi. Mədəniyyət şöbəsi Ebru və Dizayn sənəti kurslarının
təşkilatçılığı ilə Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm
məşğələsi keçirildi. Foyedə qoyulmuş molbertlər qarşısında oturan
tələbələr Xocalı faciəsini heç bir zaman görmədiyi Xocalı şəhərini rəsm
və rənglərin dili ilə ifadə edirdi. Bu gün bu rəsmlər o faciəni danışır,
yurd-torpaq həsrətini əks etdirirdi. Xocalı həqiqətləri bədii obrazlar
vasitəsilə canlanırdı.
“Ata
və qucağında şəhid olmuş övladı”. Rəsmin qarşısında durarkən sanki
bütün həyat donur. İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin IV
kurs tələbəsi Eşqin Şükürov bu rəsmdə Xocalı həqiqətlərini bədii
obrazlar vasitəsilə əks etdirdi. Pedaqoji fakültənin I kurs tələbəsi
Firuzə Əkbərovanın yaradıcı təfəkkürünün nəticəsi olan kompazisiya isə
dərin düşünülmüş daxili məntiqə əsaslanır:”Gün gələcək Xocalı səması
üzərindən qara buludlar dağılacaq.” Aydın və mavi səma ümidlə o günün
gələcəyini vəd edirdi. Firuzə Paşabəyli “Bu gün Xocalını nə rəngdə
görürsən ” sualımıza belə cavab verdi.
-“Xocalı
sözü dedikdə, təsəvvürümdə iki Xocalı canlanır. İşğaldan əvvəlki
Xocalı daha gözəl və abad, faciə baş verdiyi andan bu günə qədər olan
Xocalı isə xarabalıq ”
- Sən hansı Xocalını kətana köçürmək istərdin?
-İşğaldan
əvvəlki Xocalını, çünki inanıram ki, o torpaqlar işğaldan azad
ediləcək. Xocalılar və düşmən tapdağı altında olan torpaqlar rahat nəfəs
alaraq dinc həyatına davam edəcək.
Dizayn
kursunun rəhbəri dr. Arzu Məmmədova “Tələbələr nə üçün daha çox qara
rənglərdən istifadə edib? sualımıza ”Əsərin hansı çalarda işlənməsi onun
məzmunundan asılıdır. Tablonun koloriti isti, yaxud soyuq, yumşaq ,
yaxud sərt ola bilər. Bu gün faciənin səbəkarlarına içində qəzəb,
nifrət hissi olan tələbələr təbii ki qara rəngə üstünlük verəcəklər”
cavabını verdi.
Ruslan
Şıxıyevin “Zirehli tank və yaralı körpə”, Günel Babayeva və Səbinə
Hacızadənin “Ağla, Qərənfil, ağla” Nərgiz Abdullayevanın “Azadlıq günəşi
doğacaq ” rəsmləri ilə Xocalı dünyası kətana köçürüldü.
Qara
fonda qara, geniş açılmış ağlar gözlər və solğun dodaqlar təsvir olunan
kompozisiya bölünmüş, parçalanmış rənglər vasitəsilə Odlar yurdunun
Xocalı həsrəti ilə yaşayan sakinini xatırladırdı. Elvin Babayevin
“Xocalısız dünya” adlanan kompazisiyası abstrakt düşüncə tələb edir.
Rəsmdəki ağlayan gözlərin dərinliyində bir ümid işıltıları görünürdü.