Qafqaz Universitetinin müəllimləri İqtisadi araşdırmalar Elmi–Tədqiqat İnstitutunun qonağı olmuşlar.
Qafqaz Universitetinin prorektoru Uğur Arif Böləyin rəhbərliyi ilə universitetin bir qrup müəllim heyyəti Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunda olublar. Prorektor, universitetin rektoru professor Ahmet Saniçin salamlarını İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Rasim Həsənova çatdırmışdır. Qonaqları qəbul edən direktor professor Rasim Həsənov institut haqqında ətraflı məlumat verdi.
O qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 Sentyabr 2009- cu il tarixli 137 saylı qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətlərini - Azərbaycan iqtisadiyyatının aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, sosial və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli sosioloji tədqiqatların və konsaltinq və audit xidmətlərinin təşkili, milli və qlobal iqtisadi inkişafın proqnozlaşdırılması, sosial iqtisadi inkişaf konsepsiyası və proqramlarının hazırlanması və s. kimi aktual tətbiqi iqtisadi problemlər və məsələlərlə məşğul olur. Görüşün məqsədi Universitetlə İnstitut arasında əlaqələri sıx birləşdirmək, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur.
Rəcəb Rza
Qafqaz Universiteti mətbuat xidməti