“Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışının mükafatlandırma mərasimi
Fevralın 18-də Bakı “Araz” Kurslarında Azərbaycan Respublikasının
bərpasının və “Çağ” Öyrətim İşlətmələrinin 20 illik yubileyi münasibəti
ilə keçirilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı bilik yarışları
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Sonra Xocalı
faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən bəhs edən qısa
metrajlı film nümayiş etdirilib.
Tədbirdə “Araz” Kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir geniş
məruzə ilə çıxış edib. İrfan Uzundemir çıxışında bildirib ki, Ümummilli
Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ” Öyrətim
İşlətmələri və ona bağlı “Araz” Kursları 20 ildir etimada sədaqətlə
fəaliyyət göstərir.Digər sahələrdə olduğu kimi təhsil sahəsində də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərancamlar
əsasında aparılan islahatların nəticəsində Azərbaycan təhsili ilə dünya
təhsili arasında inteqrasiya güclənir, orta məktəblərdə təhsil
günü-gündən inkişaf edir. Belə ki, TQDK-nın keçirdiyi ali məktəblərə
qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı ilbəil
artır. Ali məktəblər deyərkən 20 ildir ki, ağıla ilk olaraq “Araz”
Kursları gəlir. Azərbaycanda ali məktəblərə qəbul imtahanları test
sistemi ilə keçirilməyə başladığından təcrübənin az, sistemi öyrənməyə
ehtiyacın çox olduğu belə bir dövrdə “Araz” Kursları da öz köməyini
əsirgəmədi.
Fəaliyyətə başladığı ilk gündən təhsil ictimaiyyətinin diqqətini
özünə çəkməyə müvəffəq olan “Araz” Kursları test təcrübəsini çox uğurla
Azərbaycan da tətbiq edir. 20 il öncə Bakı şəhərində cəmi bir kursla
bünövrəsi qoyulan “Araz” Kursları hal-hazırda respublikanın on müxtəlif
şəhər və rayon mərkəzlərində 12 kursla fəaliyyətini davam etdirir.
“Araz” Kursları ali məktəblərə yüksək səviyyədə hazırlaşmağı
hədəfləyən 9, 10 və 11-ci sinif şagirdlərinin, həmçinin orta məktəb
məzunlarının ən çox seçdiyi yoldur. Kurslarımızda dərslər 12-16 nəfərlik
qruplar halında həftədə 3 dəfə olmaqla tədris olunur. Dərslər orta
məktəb dərsliklərinə əsaslanaraq Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının elan etdiyi qəbul proqlamlarına görə keçirilir. Tədris
prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri
biliklərə yiyələnir, həm bu biliklərin testlər üzərində tətbiqini
qavrayır, həmdə test sisteminin digər metodiki sirlərinə yaxından bələd
olurlar. Ciddi bir tədris prosesinə tabe tutulan
dinləyici-abituriyentlərimiz həftəlik mövzu testləri ilə hər həftənin
sonunda sınağa çəkilir, ay sonunda isə 125 test tapşırığından ibarət
imtahan sualları vasitəsilə çəkdikləri zəhmətin nəticəsini görürlər.
Kurslarımızın məzunları 20 ildə 46 dəfə ən yüksək nəticə əldə etmiş,
113 məzunumuz Prezident təqaüdünə layiq görülmüş, ümumilikdə 1235 nəfəri
isə 600-dən yuxarı bal toplamışdır. Həmçinin onu da fəxrlə qeyd edə
bilərik ki, kurslarımızda ali məktəblərə hazırlaşmış 8 dinləyici
maksimum nəticə göstərərək 700 bal toplamışdır. Ümid edirik ki, bu
gənclər gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olacaq, Azərbaycanın
xoşbəxt gələcəyinə gedən yolda öz yerlərini ön sıralarda tutacaqlar.
”Araz” Kurslarının abituriyentlər və müəllimlər tərəfindən sevilməsində
, həmçinin məzunlarının yüksək uğurlara imza atmasında bir pay da onun
nəşrlərinə düşür. Araz yayınlarının məhsulu olan bu nəşrlər, əsasən, iki
vəzifəni yerinə yetirir. Dərs vəsaitləri dinləyiciləri qəbul proqramına
uyğun yığcam, ancaq sistemli və sanballı şəkildə mövzularla tanış edir.
Test bankları isə abituriyentlərə test vərdişlərinin aşılanmasında
böyük yardım göstərir. Vəsaitləri respublikanın bütün-həm Azərbaycan,
həmdə rus bölməsi abituriyentləri üçün nəzərdə tutulmuşdur.
“Araz” Kursları respublikanın təhsil ictimaiyyətini, həmçinin yuxarı
sinif şagirdlərini, daim yenilikləri ilə də sevindirir. 2011-2012 –ci
tədris ilindən başlayaraq kurslarımızda yeni- “Video Həllər” layihəsinin
əsası qoyulmuşdur. Artıq “Araz” Kurslarının aylıq sınaq imtahanlarında
iştirak edən abituriyentlər imtahanlarda istifadə olunan test
tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan
imtahandan cəmi iki saat sonra tanış ola bilirlər. “Araz” Kursları 4 il
bundan əvvəl yeni bir layihəyə start vermişdir. Respublika səviyyəsində 8
və 9-cu sinif şagirdləri arasında ən güclülərini ortaya çıxarmaq,
onları ictimaiyətə tanıtmaq məqsədilə kurslarımız 2008-ci ildən etibarən
hər il “Bilik yarışı” təşkil edir. Bu ilki yarışımızda 3242 VIII sinif,
4981-i isə IX sinif olmaqla 8223 şagird öz biliyini nümayiş
etdirmişdir. Onlardan hər qrup üzrə yüksək bal toplayanlar hər bir
bölgədə olan “Araz” Kurslarının keçirdiyi tədbirdə
mükafatlandırılmışlar. Bu günkü tədbirdə həmin şagirdlərdən 20 nəfər 8,
20 nəfər isə 9-cu siniflər üzrə yüksək nəticə əldə etmiş şagirdlər
mükafatlandırılacaq. Qazanılmış qələbədə sözsüz payı olan məktəb
müəllimləri və direktorları da mükafatlandırılacaq. Onların
nailiyyətlərinə sevinmək, yeni qələbələrə ruhlandırmaq hər birimizin
mənəvi borcudur. Biz bu yolda üzərimizə düşən vəzifələri yerinə
yetirməyə hazırıq və bundan sonra da belə layihələrlə təhsil
ictimaiyətini sevindirəcəyik. Sonra otən tədris ilində “Araz”
Kurslarında təhsil almış və TQDK-nın keçirdiyi ali məktəblərə qəbul
imtahanlarında ən yüksək 700 bal toplayanlar və “Müasir Azərbaycan və
“Çağ” Öyrətim” adlı bilik yarışlarının qalibləri olan şagirdlər eləcə də
qalib şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri
mükafatlandırıldı. Mükafatlandırma mərasimində Türkiyə Cümhuriyyətinin
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin təhsil üzrə müşaviri
Halis Koyuncuoğlu və “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç
çıxış edərək muasir müstəqil Azərbaycanla yaşıd olan “Çağ” Öyrətim”
İşlətmələrinin Azərbaycan təhsilindəki rolundan bu təhsil ocaqlarında
təhsil alanların əldə etdikləri nailiyyətlərdən söhbət açıblar. Bu
şagirdlərin və tələbələrin gələcəyinə ümidlə baxdıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif
Gömleksiz və təhsil müəssisələrnin rəhbər və müəllimləri iştirak
ediblər.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/476-mueasir-azrbaycan-v-cag-oeyrtim-adl-bilik-yarsnn-muekafatlandrma-mrasimi.html