Qafqaz Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) ilə birgə elmi-praktiki seminar keçirib
Bakı, 15 fevral, SalamNews, K.Orxan. Qafqaz Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) ilə birgə elmi-praktiki seminar keçirib.
Qafqaz Universitetindən SalamNews-a verilən məlumata görə, MAA-da keçirilən seminarda hər iki ali məktəbin 100-dən çox professor-müəllim heyəti iştirak edib.
MAA-nın tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov və
Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan
Bulut tədbirin əhəmiyyətini vurğulayıblar. Natiqlər dinamik inkişaf
yolunda olan Azərbaycanda təhsil sahəsinin sürətlə inkişaf etdiyini, bu
inkişafda universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı
olduğunu bildiriblər.
Sonra Türkiyə təcrübəsinin ölkəmizin ali təhsil müəssisələrində
öyrənilməsi məqsədi ilə Səlcuq Universiteti Fondunun sədri, professor
İbrahim Arslan və həmin ali məktəbin rektorluğunun baş daxili
nəzarətçisi Oğuz Erbaşı “Türkiyə Respublikasında universitet fondlarının
fəaliyyəti” və “Türkiyə Respublikasında universitetlərdə daxili
nəzarət” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda qonaqlara təşəkkürünü bildirən Ə.Səmədov Bolonya prosesinə üzv
olan Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə də davam
etdirilməsinin vacibliyini vurğulayıb.