Qafqaz Universiteti ABŞ və yerli ali məktəblərlə əməkdaşlıq memorandumları imzalayıb
Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir M.Əliyev/
Qafqaz Universiteti ilə ABŞ-ın Georgia ştatında yerləşən Cənub
Politexnik Dövlət Universiteti (SPSU) arasında əməkdaşlıq memorandumu
imzalanıb. Trend-in məlumatına görə, bu barədə Qafqaz Universitetindən
cümə günü bildirilib.
Memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi
tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və
layihələrin həyata keçirilməsi planlaşdırılır.
Universitetdən həmçinin bildiriblər ki, Qafqaz Universiteti Gəncə
Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə də
əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma əsasən bir sıra müştərək
layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalama mərasimində
bildirib ki, memorandum üzrə əməkdaşlığın ilkin mərhələsinə bu ilin
aprelində strat veriləcək. "Bizim elmi işlərimiz, tələbə mübadiləmiz,
universitetlər arasında aparılacaq hər cür əməkdaşlıq haqqında maddələr
bu sənəddə var. Bununla da Bakı ilə Gəncə arasında yeni elmi körpü
qurulacaq. Bakı və Gəncədəki elmi informasiyalar birləşmiş olacaq,
nəticədə daha böyük uğurlar əldə edə biləcəklər", - o deyib.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə barədə
danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən yüksək
səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin
mübadiləsi aparılacaq.
Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil
olunacaq, nəticədə bu əməkdaşlıqdan bütün universitetlər faydalanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az