Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladı
Bu gün Qafqaz Universitetinde növbeti aylıq seminar keçirildi
Seminarı
giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı
və bildirdi ki, seminarın bugünkü qonagı Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur.
Rektor öz çıxışında Ümummilli lider Heydər Əliyevin Qafqaz
Universitetinə hədiyyə etdiyi və xeyir-dua verdiyi böyük bir
sahəni əhatə edən bir ərazidə fəaliyyətə başlayan bu ali təhsil
ocağının yaranma tarixindən, elə həmin dövrdə də prezidentin
müşaviri vəzifəsində çalışan Hidayət Orucovun da Qafqaz
Universiteti üçün göstərdiyi xidmətlərindən söz açdı və bu
xidmətləri yüksək qiymətləndirdi.
Sonra Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət
Orucov çıxış edərək ilk öncə Fransa Senatının bir qrup üzvünün
qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb
olunmasını nəzərdə tutan qanunun dünən ləğv edilməsi ilə bağlı Fransa
Konstitusiya Şurasının qərarını yüksək qiymətləndirdiyini və bundan
sonra da Azərbaycan ilə Türkiyənin qardaşlığının daha möhkəm
olacağına əminliyini vurğuladı.
“Gənclik və milli-mənəvi
dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda geniş məruzə
ilə çıxış edən natiq bildirdi ki, ölkəmizin uğurlu gələcəyi üçün
gənclərin müasirliyi, yüksək təhsili, işgüzarlıq keyfiyyətləri qədər,
milli-mənəvi dəyərlərə sadiq vətənpərvər ruhda yetişmələri çox
önəmlidir. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün
ölkəmizdə əlverişli şərait yaradılmışdır. Belə ki, indi respublikamızda
iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr uğurla həyata keçirilir,
cəmiyyətin mədəni səviyyəsi, maddi rifah halı yüksəlir. Dövlət
milli-mənəvi dəyərlərin qorunmasına, dini-tarixi abidələrin bərpasına
xüsusi qayğı göstərir. Gənclərin zərərli təsirlərdən qorunması əsas
strateji, prioritet istiqamətlərdəndir. Burada isə, ilk növbədə,
dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana
çıxır.Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc
qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunmuşdur. Amma
təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin
ideologiyasının təəssübkeş və təbliğatçısına çevrilmişlər. Bu baxımdan
milli ideologiyamıza sadiq gənc, vətənpərvər kadrların hazırlanması
qarşıda duran əsas vəzifələrdəndir.
Natiq,
məruzəsində həmçinin bildirdi ki, adət-ənənələrə çağdaş dünyanın
reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. Adət-ənənələrə
müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə ictimai
şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından
uğurla keçərək özünü doğrultmuş, günün reallıqları ilə ayaqlaşan, sosial
münasibətlərə müsbət təsir göstərən və müəyyən dərəcədə ictimai
münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə
tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri
amillərdəndir.
Məruzəni
bitirdikdən sonra, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Hidayət Orucov tələbələri maraqlandıran
suallara cavab verdi.
Seminarın sonunda qonağa xatirə plaketi təqdim olundu.