Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır
Xalqımızın unudulmaz və əbədiyaşar şairi,
müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar
Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki
şəhərində xatirə tədbiri keçirilmişdir.
Şəhər İcra Hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya - Bu
dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya
həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak
etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı” adlı sərgi ilə tanış olmuşlar.
Xatirə gecəsində Milli Məclisin deputatı Cavanşir Feyziyev, “Qafqaz”
Universitetinin rektoru Əhməd Sanıç çıxış edərək B. Vahabzadənin müasir
Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışmışlar. Qeyd
olunmuşdur ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim
Bəxtiyar Vahabzadənın əbədiyyətə qovuşmasından üç il vaxt keçir. Lakin
onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır. Öz dəyərli
əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük
xidmətlər göstərmiş B. Vahabzadənin yaradıcılığı bədii fikrimizin
zənginləşməsində mühüm rol oynamışdır. Azərbaycan dilinin saflığı,
təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas
istiqamətlərindən birini təşkil etmişdir. Onun əsərləri dünyanın
müxtəlif dillərinə tərcümə edilmişdir, Tükiyədə və türkdilli ölkələrdə
sevə-sevə oxunur.
Çıxışlarda qeyd olunmuşdur ki, B. Vahabzadə Vətəninə, doğulduğu yerə,
soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu – Şəkini çox
sevirdi. Əsərlərində Şəkiyə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka
özünü aydın biruzə verirdi. Diqqətə çatdırılmışdır ki, şairin
xatirəsini əbədiləşdirmək məqsədi ilə Şəki şəhərindəki mərkəzi
parklardan birində onun büstü qoyulmuş, şəhərdəki məktəb və küçələrdən
birinə şairin adı verilmişdir. Hər il avqustun 16-da, şairin doğum
günündə Şəkidə “Bəxtiyar- poeziya günləri keçirilir.
Tədbirdə B. Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film
nümayiş etdirilmiş, Musiqi Kolleci tələbələrinin ifasında şairin
sözlərinə yazılmış mahnılar oxunmuş, şeirlər ifa olunmuşdur.

