Şəkidə Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır

 
Şəki, 13 fevral (AzərTAc). Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir.
Şəhər icra hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya - Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak etmişlər.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı” mövzusunda sərgi ilə tanış olmuşlar.
Xatirə gecəsində Milli Məclisin deputatı Cavanşir Feyziyev, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç çıxış edərək B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənın əbədiyyətə qovuşmasından üç il vaxt keçir. Bu böyük insan bizdən cismən ayrılsa da onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Bildirilmişdir ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Azərbaycan dilinin saflığı və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil etmişdir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Böyük ədibin əbədiyaşar seirləri Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur.
Çıxışlarda qeyd olunmuşdur ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Əsərlərində Şəki mühitinə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın biruzə verirdi.
Diqqətə çatdırılmışdır ki, şairin xatirəsini əbədiləşdirmək məqsədilə Şəkidəki mərkəzi parklardan birində onun büstü qoyulmuş, şəhərdəki məktəb və küçələrdən birinə şairin adı verilmişdir. Hər il avqustun 16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar poeziya günləri” keçirilir.
Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmiş, musiqi kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunmuş, şeirləri ifa olunmuşdur.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde