“Qal, sənə qurban”, “Azərbaycan” qalib oldu



  “Qal, sənə qurban”, “Azərbaycan” qalib olduDünən Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən “Dilimiz varlığımızdır” devizi altında təşkil olunmuş IX “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yekun mərhələsi keçirildi.“Ana dilimizi sevək, sevdirək” IX Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açdı.

O qeyd etdi ki, hər bir dövlətin öz varlığını qoruyub saxlaması ilk növbədə onun öz dilinə və mənəvi sərvətlərinə sahib çıxması, qoruması, özündən sonrakı nəsillərə təhvil verməsi ilə mümkün olur. Arif Gömleksizin sözlərinə görə, bu gün bu məsələ məktəblər qarşısında da müəyyən vəzifələr qoyur. Daha sonra müsabiqə barədə məlumat verən İdarə rəisi dedi ki, dörd mərhələdən ibarət (məktəbdaxili, rayon (şəhər), yarımfinal və respublika) bilik yarışı qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara artıq yekun vurulub və qaliblər müəyyənləşdirilib.Daha sonra mahnı və şeir nominsiyası üzrə iştirakçılar səhnəyə dəvət olundular. 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyevanın söylədiyi Mirvarid Dilbazinin “Azərbaycan” şeiri birinci yerə layiq görüldü. Mahnı kateqoriyasında isə Bəhram Nəsibovun “Qal, sənə qurban” mahnısı ilə salonu coşduran Ağdaş rayon Tofiqi kənd orta məktəbinin şagirdi İsmayıl İsgəndərov qalib seçildi. Şeir kateqoriyası üzrə İlham Quliyev (Sumqayıt) II, Nigar Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev (Bakı) II, Zeynəb Abdullayeva (Gəncə) III oldular. Müsabiqə qaliblərinə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və təşkilat komitəsinin xüsusi sertifikatı və başqa hədiyyələr də verildi.Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov yaxşı mənada həyəcanlı anlar yaşadığını dilə gətirməklə yanaşı, tədbiri ərsəyə gətirənləri alqışladı. Daha sonra o dedi ki, dili sevənlər çoxdur, lakin onu sevdirməyi də bacarmaq lazımdır. O, bu sırada ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etdi. Bildirdi ki, dilimiz məhz onun sayəsində bütün dünyada daha çox tanınıb. Qulu Novruzov “Çağ”ın bu ənənəni yaşatmasından qürur duyduğunu dilə gətirdi. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də “Çağ”ın bu tədbirini təqdir etdi.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Enver Özeren bildirdi ki, ana dili insanı keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir: “Dil xalqın varlığının təzahürü, qan yaddaşıdır”. Enver Özerenin sözlərinə görə, bu dil mahnı, şeir dili ilə daha çox sərhədlər aşmağa qadirdir. O daha sonra dedi ki, hansı ölkədə olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya sevdirməliyik: “Zənnimcə, bu istiqamətdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi öz sözünü deyə bilir. Belə ki, bu yarışmanın qalibləri hər il Türkiyədə keçirilən Türkcə Olimpiadası çərçivəsində Azərbaycanı təmsil edirlər, oradan ölkəmizin mənəvi dəyərlərini dünyaya təqdim edirlər”.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF