Ana dilimiz - gələcəyə səsləyən mənəvi xəzinəmiz
Ana dilimiz... Bu dil analarımızın laylası, Füzuli, Nəsimi, Vurğun, Üzeyir dünyası ilə qanımıza, canımıza hopub. Ana dilimiz... Bizi keçmişimizə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinəmiz. Bəli, ana dili hər bir xalqın həyatında mühüm rol oynayan ən başlıca faktorlardan biridir. Elə buna görə də, tanınmış pedaqoq Uşinsiki deyirdi ki, bir millətin malını, dövlətini əlindən alsan, ölüb itməz, amma dilini alsan, ondan bir nişan qalmaz.
Bu mənada, ana dilimizi
sevmək, sevdirmək hər birimizin müqəddəs borcudur. Artıq on ilə yaxındır ki,
“Çağ” Öyrətim İşlətmələri Şirkəti məktəblilər arasında “Ana dilimizi sevək,
sevdirək” müsabiqəsi keçirməklə bu missiyanı daha geniş bir formada həyata
keçirir. Bu müsabiqələrdə iştirak edən yüzlərlə şagird xalqımızın varlığının təzahürü,
qan yaddaşımız olan dilimizi sevə-sevə təbliğ etməklə yanaşı, minlərlə insana
da sevdirməyə nail olur. Dünən Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və
“Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən “Dilimiz varlığımızdır” devizi
altında təşkil olunmuş IX “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində də bunun
bir daha şahidi olduq.
“Qal, sənə qurban”, “Azərbaycan”
qalib oldu
QVAMi MƏHƏBBƏTOĞLU
BAKI
1Dünən Akademik Milli
Dram Teatrında Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən
“Dilimiz varlığımızdır” devizi altında təşkil olunmuş IX “Ana dilimizi sevək,
sevdirək” müsabiqəsinin yekun mərhələsi keçirildi.
“Ana dilimizi sevək,
sevdirək” IX Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz belə bir tədbirin keçirilməsinin
əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, hər bir dövlətin öz varlığını qoruyub
saxlaması ilk növbədə onun öz dilinə və mənəvi sərvətlərinə sahib çıxması,
qoruması, özündən sonrakı nəsillərə təhvil verməsi ilə mümkün olur. Arif
Gömleksizin sözlərinə görə, bu gün bu məsələ məktəblər qarşısında da müəyyən vəzifələr
qoyur. Daha sonra müsabiqə barədə məlumat verən İdarə rəisi dedi ki, dörd mərhələdən
ibarət (məktəbdaxili, rayon (şəhər), yarımfinal və respublika) bilik yarışı
qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı
kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara artıq yekun
vurulub və qaliblər müəyyənləşdirilib.
Daha sonra mahnı və şeir
nominsiyası üzrə iştirakçılar səhnəyə dəvət olundular. 9 nəfərdən ibarət
münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta
məktəbin şagirdi Tünzalə Allahverdiyevanın söylədiyi Mirvarid Dilbazinin “Azərbaycan”
şeiri birinci yerə layiq görüldü. Mahnı kateqoriyasında isə Bəhram Nəsibovun
“Qal, sənə qurban” mahnısı ilə salonu coşduran Ağdaş rayon Tofiqi kənd orta məktəbinin
şagirdi İsmayıl İsgəndərov qalib seçildi. Şeir kateqoriyası üzrə İlham Quliyev
(Sumqayıt) II, Nigar Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev
(Bakı) II, Zeynəb Abdullayeva (Gəncə) III oldular. Müsabiqə qaliblərinə qızıl,
gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və təşkilat komitəsinin xüsusi
sertifikatı və başqa hədiyyələr də verildi.
Tədbirdə çıxış edən təhsil
nazirinin müavini Qulu Novruzov yaxşı mənada həyəcanlı anlar yaşadığını dilə gətirməklə
yanaşı, tədbiri ərsəyə gətirənləri alqışladı. Daha sonra o dedi ki, dili sevənlər
çoxdur, lakin onu sevdirməyi də bacarmaq lazımdır. O, bu sırada ulu öndər Heydər
Əliyevin rolunu xüsusi qeyd etdi. Bildirdi ki, dilimiz məhz onun sayəsində
bütün dünyada daha çox tanınıb. Qulu Novruzov “Çağ”ın bu ənənəni yaşatmasından
qürur duyduğunu dilə gətirdi. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də
“Çağ”ın bu tədbirini təqdir etdi.
“Çağ” Öyrətim İşlətmələri
Şirkətinin prezidenti Enver Özeren bildirdi ki, ana dili insanı keçmişinə
bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir: “Dil xalqın varlığının təzahürü,
qan yaddaşıdır”. Enver Özerenin sözlərinə görə, bu dil mahnı, şeir dili ilə
daha çox sərhədlər aşmağa qadirdir. O daha sonra dedi ki, hansı ölkədə
olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya sevdirməliyik: “Zənnimcə,
bu istiqamətdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi öz sözünü deyə bilir.
Belə ki, bu yarışmanın qalibləri hər il Türkiyədə keçirilən Türkcə Olimpiadası
çərçivəsində Azərbaycanı təmsil edirlər, oradan ölkəmizin mənəvi dəyərlərini
dünyaya təqdim edirlər”.