Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bu gün 3 universitet - Gəncə Dövlət Universiteti,
Azərbaycan Dövlət Aqrar Universiteti və Qafqaz Universiteti arasında
əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən bir sıra müştərək
layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin
rektoru Mirdaməd Sadıqov universitetlər arasında əməkdaşlığın mühüm
əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əlaqələrin Azərbaycan elminə
mühüm töhfələr verəcəyinə əminliyini bildirib. Daha sonra
universitetlərin rəhbərləri tərəfindən müqavilə imzalanıb. Qafqaz
Universitetinin rektoru Əhməd Saniç bildirib ki, memorandum üzrə
əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək.
Əhməd Saniç - Qafqaz Universitetinin rektoru:
“Bizim elmi işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında
aparılacaq hər cür əməkdaşlıq haqda maddələr bu sənəddə var. Bununla da
Bakı ilə Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki
elmi informasiyalar birləşmiş olacaq nəticədə daha böyük uğurlar əldə
edə biləcəklər.”
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə
barədə danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən
yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin
mübadiləsi aparılacaq. Qeyd edək ki, müqavilədə 3 istiqamət əsas
götürülür.
Elman Məmmədov - GDU-nun rektoru:
“Müqavilə üzrə nəzərdə tutulan əməkdaşlıq 1-ci təhsil sahəsində, 2-ci
ən əsas istiqamət tədris proqramları sahəsində, 3-cü sahə isə müəllim və
tələbələrin mübadiləsi olacaqdır. Belə hesab edirəm ki, bu gün ki, bu
müqavilə tədrisin inkişafında, təhsilin keyfiyyətinin yüksəldilməsində
ən mühüm amildir”.
Memorandum əsasında universitetlər arasında ortaq konfranslar
təşkil olunacaq. Nəticədə bu əməkdaşlıqdan bütün universitetlər
faydalanacaq.
İlham Ələkbərli