“Dilimiz varlığımızdır” devizi altında tədbir keçirilib

02:35 / 21.02.2012 Ana dilimizi sevmək, sevdirmək hər birimizin müqəddəs borcudur. Artıq on ilə yaxındır ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti məktəblilər arasında “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi keçirməklə bu missiyanı daha geniş bir formada həyata keçirir. Bu müsabiqələrdə iştirak edən yüzlərlə şagird xalqımızın varlığının təzahürü, qan yaddaşımız olan dilimizi sevə-sevə təbliğ etməklə yanaşı, minlərlə insana da sevdirməyə nail olur. 
Dünən Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən “Dilimiz varlığımızdır” devizi altında təşkil olunmuş IX “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində də bunun bir daha şahidi olduq.
Dünən Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən “Dilimiz varlığımızdır” devizi altında təşkil olunmuş IX “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yekun mərhələsi keçirilib.
“Ana dilimizi sevək, sevdirək” IX Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, hər bir dövlətin öz varlığını qoruyub saxlaması ilk növbədə onun öz dilinə və mənəvi sərvətlərinə sahib çıxması, qoruması, özündən sonrakı nəsillərə təhvil verməsi ilə mümkün olur. 
A.Gömleksizin sözlərinə görə, bu gün bu məsələ məktəblər qarşısında da müəyyən vəzifələr qoyur. Daha sonra müsabiqə barədə məlumat verən İdarə rəisi deyib ki, dörd mərhələdən ibarət (məktəbdaxili, rayon (şəhər), yarımfinal və respublika) bilik yarışı qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara artıq yekun vurulub və qaliblər müəyyənləşdirilib.
Daha sonra mahnı və şeir nominasiyası üzrə iştirakçılar səhnəyə dəvət olunublar. 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyevanın söylədiyi Mirvarid Dilbazinin “Azərbaycan” şeiri birinci yerə layiq görülüb. 
Mahnı kateqoriyasında isə Bəhram Nəsibovun “Qal, sənə qurban” mahnısı ilə salonu coşduran Ağdaş rayon Tofiqi kənd orta məktəbinin şagirdi İsmayıl İsgəndərov qalib seçilib. Şeir kateqoriyası üzrə İlham Quliyev (Sumqayıt) II, Nigar Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev (Bakı) II, Zeynəb Abdullayeva (Gəncə) III oldular. Müsabiqə qaliblərinə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və təşkilat komitəsinin xüsusi sertifikatı və başqa hədiyyələr də verilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov yaxşı mənada həyəcanlı anlar yaşadığını dilə gətirməklə yanaşı, tədbiri ərsəyə gətirənləri alqışlayıb. O deyib ki, dili sevənlər çoxdur, lakin onu sevdirməyi də bacarmaq lazımdır. O, bu sırada ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, dilimiz məhz onun sayəsində bütün dünyada daha çox tanınıb. Q.Novruzov “Çağ”ın bu ənənəni yaşatmasından qürur duyduğunu dilə gətirib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Enver Özeren bildirib ki, ana dili insanı keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir: “Dil xalqın varlığının təzahürü, qan yaddaşıdır”. Enver Özerenin sözlərinə görə, bu dil mahnı, şeir dili ilə daha çox sərhədlər aşmağa qadirdir. O daha sonra dedi ki, hansı ölkədə olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya sevdirməliyik: “Zənnimcə, bu istiqamətdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi öz sözünü deyə bilir. 
Belə ki, bu yarışmanın qalibləri hər il Türkiyədə keçirilən Türkcə Olimpiadası çərçivəsində Azərbaycanı təmsil edirlər, oradan ölkəmizin mənəvi dəyərlərini dünyaya təqdim edirlər”.
S.QARAYEVA
http://525.az/view.php?lang=az&menu=19&id=41154

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF