Ana dilimiz - gələcəyə səsləyən mənəvi xəzinəmiz
Dünən Akademik Milli Dram Teatrında
Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən
“Dilimiz varlığımızdır” devizi altında təşkil olunmuş IX “Ana dilimizi
sevək, sevdirək” müsabiqəsinin yekun mərhələsi keçirildi.
“Ana dilimizi sevək, sevdirək” IX
Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz belə bir tədbirin
keçirilməsinin əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, hər bir dövlətin
öz varlığını qoruyub saxlaması ilk növbədə onun öz dilinə və mənəvi
sərvətlərinə sahib çıxması, qoruması, özündən sonrakı nəsillərə təhvil
verməsi ilə mümkün olur. Arif Gömleksizin sözlərinə görə, bu gün bu
məsələ məktəblər qarşısında da müəyyən vəzifələr qoyur. Daha sonra
müsabiqə barədə məlumat verən İdarə rəisi dedi ki, dörd mərhələdən
ibarət (məktəbdaxili, rayon (şəhər), yarımfinal və respublika) bilik
yarışı qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və
mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara
artıq yekun vurulub və qaliblər müəyyənləşdirilib.
Daha sonra mahnı və şeir nominsiyası
üzrə iştirakçılar səhnəyə dəvət olundular. 9 nəfərdən ibarət münsiflər
heyətinin qərarı ilə şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta
məktəbin şagirdi Tünzalə Allahverdiyevanın söylədiyi Mirvarid Dilbazinin
“Azərbaycan” şeiri birinci yerə layiq görüldü. Mahnı kateqoriyasında
isə Bəhram Nəsibovun “Qal, sənə qurban” mahnısı ilə salonu coşduran
Ağdaş rayon Tofiqi kənd orta məktəbinin şagirdi İsmayıl İsgəndərov qalib
seçildi. Şeir kateqoriyası üzrə İlham Quliyev (Sumqayıt) II, Nigar
Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev (Bakı)
II, Zeynəb Abdullayeva (Gəncə) III oldular. Müsabiqə qaliblərinə qızıl,
gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və təşkilat komitəsinin
xüsusi sertifikatı və başqa hədiyyələr də verildi.
Tədbirdə çıxış edən təhsil nazirinin
müavini Qulu Novruzov yaxşı mənada həyəcanlı anlar yaşadığını dilə
gətirməklə yanaşı, tədbiri ərsəyə gətirənləri alqışladı. Daha sonra o
dedi ki, dili sevənlər çoxdur, lakin onu sevdirməyi də bacarmaq
lazımdır. O, bu sırada ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd
etdi. Bildirdi ki, dilimiz məhz onun sayəsində bütün dünyada daha çox
tanınıb. Qulu Novruzov “Çağ”ın bu ənənəni yaşatmasından qürur duyduğunu
dilə gətirdi. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də “Çağ”ın bu
tədbirini təqdir etdi.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin
prezidenti Enver Özeren bildirdi ki, ana dili insanı keçmişinə bağlayan,
gələcəyə səsləyən mənəvi xəzinədir: “Dil xalqın varlığının təzahürü,
qan yaddaşıdır”. Enver Özerenin sözlərinə görə, bu dil mahnı, şeir dili
ilə daha çox sərhədlər aşmağa qadirdir. O daha sonra dedi ki, hansı
ölkədə olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya
sevdirməliyik: “Zənnimcə, bu istiqamətdə “Ana dilimizi sevək, sevdirək”
müsabiqəsi öz sözünü deyə bilir. Belə ki, bu yarışmanın qalibləri hər il
Türkiyədə keçirilən Türkcə Olimpiadası çərçivəsində Azərbaycanı təmsil
edirlər, oradan ölkəmizin mənəvi dəyərlərini dünyaya təqdim edirlər”.