Dünya birliyi Xocalı soyqırımını görməli, qiymət verməlidir - Ahmet Saniç
Bakı, 23 fevral, SalamNews, V.Həsənli. Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını alması ilə bağlı Azərbaycanın haqqlı davası dünya birliyi tərəfindən dəstəklənməlidir. Bunu SalamNews-a Qafqaz Unvesitetinin rektoru, professor Ahmet Saniç bildirib.
O söyləyib ki, ermənilər Xocalıda silahsız, günahsız insanları, o cümlədən körpə uşaqları və qocaları öldürərək soyqırım törədib: “Bu faktdır və dünya birliyi Xocalı soyqırımını görməlidir. Biz dünya birliyindən Xocalı soyqırımına ədalətli münasibət sərgilənməsini gözləyirik. Çünki erməniləri Xocalıda soyqırımı, Kəlbəcərdə qətliamları və digər Azərbaycan ərazilərində cinayətləri yaxın 20 ildə törədiblər. Ermənilər heç vaxt bu faktları tarixdən silə və ya gizlədə bilməz. Çünki, ermənilərin cinayətlərini sübut edən canlı şahidlər, kitablar, sənədlər, foto və video faktları mövcuddur. Ermənilər təkcə Xocalıda deyil, həmçinin Qubada, Şamaxıda, Dərbənddə və Anadolu torpağlarında da qətliamlar, təkcə Bakıda 10 min günahsız insanı öldürməklə böyük faciələr törədib”.
A.Saniç deyib ki, Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Türkiyənin bir çox şəhərlərində anım tədbirləri təşkil olunacaq, ziyalılar danışacaq, kütləvi informasiya vasitələrində bu mövzuda fikirlər bildiriləcək: “Xocalı soyqırımının tanınması ilə bağlı Azərbaycan və Türkiyə birgə addımlar atır. Biz bir millət, iki dövlətik. Ona görə də bir millətin iki diasporu ola bilməz. Biz bütün məsələlərdə birgə addımlar atmalıyıq”.