Qafqaz Universiteti ilə Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığında Milli Aviasiya Akademiyasının konfrans zalında elmi-praktik seminar keçirilmişdir
Qafqaz Universiteti ilə Azərbaycan Milli Aviasiya Akademiyasının
birgə təşkilatçılığında 13.02.2012 tarixində Milli Aviasiya
Akademiyasının konfrans zalında elmi-praktik seminar keçirilmişdir.
Seminarda hər iki universitetdən ümumilikdə 100-dən çox
professor-müəllim heyəti iştirak etmişdir.
Seminarda Türkiyə Respublikası təcrübəsini ölkəmizin ali təhsil
müəssisəsi nümayəndələri ilə paylaşmaq məqsədilə Qafqaz Universiteti
tərəfindən dəvət olunan Səlcuq Universiteti Fondunun sədri Dos.Dr.
İbrahim Arslan və Səlcuq Universiteti Rektorluğunun Baş Daxili
Nəzarətçisi Oğuz Erbaşı tərəfindən müvafiq olaraq “Türkiyə
Respublikasında Universitet Fondlarının Fəaliyyəti” və “Türkiyə
Respublikasında Universitetlərdə Daxili Nəzarət” mövzularında
məruzələrlə çıxış etdilər.
Milli Aviasiya Akademiyasının Tədris işləri üzrə prorektoru
professor Ədalət Səmədov qonaqları salamlayaraq, belə elmi-praktik
tədbirlərin əhəmiyyətindən bəhs etdi, Qafqaz Universiteti ilə faydalı,
işgüzar əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Daha sonra açılış nitqi
ilə qonaqları Qafqaz Universitetinin Tədris İşləri üzrə prorektoru
professor Cihan Bulut salamladı. O da öz növbəsində dinamik inkişaf edən
Azərbaycanda təhsil sahəsinin də sürətlə inkişaf etdiyini, bu inkişafda
Universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı olduğunu
qeyd edərək Milli Aviasiya Akademiyasında olmaqdan məmnunluğunu ifadə
etdi.
Daha sonra söz məruzəçilərə verildi. Hər iki məruzəçi Azərbaycanda
olmaqdan məmnunluqlarını ifadə etdi. Hər zaman belə elmi tədbirlərdə
məmnuniyyətlə inkişaf edə biləcəklərini bildirdi.
Əvvəlcə Türkiyə Respublikasında Universitet Fondlarının
fəaliyyətindən bəhs edən Dosent Dr. İbrahim Arslan tarixi ənənələrə malik
fondların bu gün də türkiyədə təhsil sahəsinə böyük dəstək verdiyini
qeyd etdi, bu təcrübənin Azərbaycanda da səmərəli şəkildə tətbiq edilə
biləcəyini ifadə etdi.
Daha sonra Türkiyə Respublikasında Universitetlərdə Daxili Nəzarət
mövzusunda məruzə ilə çıxış edən Oğuz Erbaşı Universitetlərdə
idarəetmənin və maliyyə dövriyyəsinin şəffaflığının əhəmiyyətini
vurğuladı. Universitetlərdə risq idarəetməsi, performans idarəetməsi,
maliyyə nəzarəti kimi anlayışların vacib olduğunu qeyd edən natiq, bu
istiqamətdə Türkiyə təcrübəsi əsasında görülə biləcək tədbirlərdən bəhs
etdi.
Hər iki natiqə kifayət qədər sualar yönəldildi və bu suallar əsasında müzakirələr davam etdirildi.
Sonda tədbirin çox səmərəli keçdiyini ifadə edən pofessor Ədalət
Səmədov qonaqlara təşəkkürlərini bildirdi, Bolonya Prosesinə üzv olan
Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə də davam etdirilməsinin Ali
təhsil müəssisələri üçün çox vacib olduğunu təkrar vurğuladı.