“Qafqaz”ın tələbələri “Petkim”də təcrübə keçiblər
ARDNŞ-nin struktur tərkibində fəaliyyət
göstərən “Azərikimya” İstehsalat Birliyinin kollektivi hələ iki il əvvəl
respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından olan,
ölkəmizin müxtəlif sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlayan
Qafqaz Universiteti ilə əlaqələrin əsasını qoyub.
Qarşılıqlı razılaşma üzrə ötən dövrdə bu
ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələrinin müəllim və
tələbə heyəti ilə bir sıra görüşlər, diskussiyalar və digər tədbirlər
keçirən Birlik kollektivi tələbələrin kimya müəssisələrində təcrübədə
olmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün
mühüm addımlar atıb. Lakin gələcək mütəxəssislərin yalnız “Azərikimya”da
deyil, həm də regionun daha yüksək inkişaf etmiş neft-kimya nəhəngi
olan “Petkim”də - müasir texnologiyalar əsasında yaradılmış çoxsaylı
müəssisələri ilə tanınan, dünyanın bir çox ölkələrinə keyfiyyətli və
geniş assortimentdə neft-kimya məhsulları ixrac edən bu şirkətdə təcrübə
keçmələri üçün Birlik rəhbərliyinin təşəbbüsü ilə “Azərikimya” - Qafqaz
Universiteti - “Petkim” üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanıb.
Məhz həmin müqavilə çərçivəsində “Azərikimya”nın təşkilatçılığı və
maliyyə dəstəyi ilə fevralın birinci yarısında “Qafqaz”ın bir qrup
qabaqcıl tələbəsi ilk dəfə olaraq, “Petkim”də istehsalat təcrübəsi
keçərək, Bakıya qayıdıblar.
Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi,
həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil
alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı və yuxarı
təzyiqli polietilen sexlərində, insan resursları departamentində,
idarəetmə mərkəzlərində təcrübə keçiblər. Elektron-kompyuter sistemi
üzrə idarə olunan modern qurğularla, müasir texnoloji proseslərlə
bilavasitə tanış olan tələbələr öz nəzəri biliklərini istehsalatla
əlaqədə daha da dərinləşdirib, müstəqil işləmək imkanı verən təcrübi
bilik və vərdişlər qazanıblar.
Tələbələr həm istehsalat təcrübəsi zamanı, həm də işdən sonra - asudə
vaxtlarında “Petkim”in nümayəndələri tərəfindən onlara daim diqqət və
qayğı göstərildiyindən razılıqlarını ifadə ediblər. Universitetin
rəhbərliyi belə bir faydalı istehsalat təcrübəsinin təşəbbüskarı olan
ARDNŞ-in və təcrübənin səmərəli keçməsi üçün maksimum səy göstərmiş
“Petkim”in səlahiyyətli nümayəndələrinə öz dərin minnətdarlıq və
təşəkkürlərini bildiriblər.