“Uşaqlarına dəyər verən xalqın sabahı daha işıqlı olur”
Bu həftənin cümə axşamı Qafqaz Universitetində II
Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başladı. Tədbirin
açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet
Saniç bildirdi ki, 8 ölkənin nümayəndələrinin - alimlər, şairlər, yazıçılar və
uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetin elm adamlarının
iştirak etdikləri bu tədbirdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil
olunmaqla yanaşı, yeni hədəflər də müəyyən ediləcək: “Konqresin keçirilməsində
məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların
təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna
diqqəti yönəltməkdir.
Bu həftənin cümə axşamı Qafqaz Universitetində II
Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi öz işinə başladı. Tədbirin
açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet
Saniç bildirdi ki, 8 ölkənin nümayəndələrinin - alimlər, şairlər, yazıçılar və
uşaq jurnallarının redaktorları, eyni zamanda 27 universitetin elm adamlarının
iştirak etdikləri bu tədbirdə 2008-ci ildə keçirilmiş konqresin nəticələri təhlil
olunmaqla yanaşı, yeni hədəflər də müəyyən ediləcək: “Konqresin keçirilməsində
məqsəd milli-mənəvi dəyərlər və millətlərin gələcəyi baxımından uşaqların
təlimində və xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz roluna diqqəti
yönəltməkdir. Əsas məqsədlərdən biri də türk xalqlarının uşaqlara aid
əsərlərini tanıtmaq, türk xalqları arasında bu günədək görülmüş işləri təbliğ
və inkişaf etdirməkdir”. Uşaq ədəbiyyatının özəlliklərindən söz açan rektor
qonaqlara rəhbərlik etdiyi təhsil ocağı barədə də ətraflı məlumat verdi.
Həmçinin qeyd etdi ki, “Qafqaz” xeyli vaxtdır ki, bu cür beynəlxalq tədbirlərə
də ev sahibliyi edir.
Təhsil naziri Misir Mərdanov isə, əvvəlcə, tədbir
iştirakçılarını ölkə başçısı İlham Əliyevin adından salamladı. Daha sonra II
Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinın əhəmiyyətindən danışan
nazir belə tədbirləri çox dəyərləndirdiyini və ənənəvi keçirilməsinin arzusunda
olduğunu bildirdi. Nazir təhsil sistemimizdə xüsusi yeri olan “Çağ”ın təhsil ocaqlarının
fəaliyyətinin bir örnək olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Yazıçılar Birliyinin sədri Anar çıxışına bu sözlərlə
başladı: “Bütün böyüklər nə vaxtsa uşaq olublar və bütün çocuqlar da böyük
olacaqlar. Onların sabah Vətən, millət üçün dəyərli olmaları hansı kitabları mütaliə
etmələrindən çox asılıdır. Hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir
insan kitab oxumalıdır”. Onun sözlərinə görə, ölkəmizdə, belə demək olarsa, bir
müddət kitabsız nəsil formalaşdı. Bu da kiril əlifbasından latın qrafikasına
keçidlə əlaqədar baş verdi. Çünki o zaman dərsliklər istisna olmaqla, demək
olar ki, mütaliə üçün bədii ədəbiyyat yox idi: “Ölkə başçısı Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam verməklə
bu problemi həll etdi”. “Təəssüf ki, Bakıda kitab mağazalarının sayı azalıb”, -
sözləri ilə çıxışını davam etdirən Anar konqres çərçivəsində təşkil olunmuş
sərgidə satışa çıxarılan kitabların bu bilik mənbəyinə olan marağı artıracağını
vurğuladı.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət
müşaviri Seyid Ahmet Arslan öz çıxışında uşaqları bizləri gələcəyə daşıyan
dəyərli varlıq kimi səciyyələndirməklə yanaşı, qeyd etdi ki, uşaqlara
kitabların sevdirilməsində valideynlər də çalışmalıdırlar: “Özümüz də onların yanında
bədii kitablar oxumalıyıq. Uşaqlarımızı daha dünyagörüşlü, milli-mənəvi
dəyərlərimizin qoruyucuları kimi böyütməliyik. Onlar daim ürəklərində türk
xalqlarına sevgi hissi yaşatmalıdırlar. Bax, o zaman bizim mənəvi birliyimiz
güclü olacaq. Unutmayın ki, çocuqların mənəvi dünyasının formalaşmasında bədii
ədəbiyyat önəmli rol oynayır”.
Qeyd edək ki, dünən beynəlxalq konfrans bölmələr
üzrə öz işini davam etdirib.
“Bu
konqresin səpdiyi “toxumlar” öz bəhrəsini verəcək”
Konqresə təşrif buyurmuş yazarlarla da həmsöhbət
olmağa çalışdıq. Türkiyənin uşaq ədəbiyyatının tanınmış yazarı Bəstami Yazqan
bu tədbirlə bağlı verdiyimiz suala Azərbaycana aid düşüncələri ilə başladı:
“Bu, mənim qardaş ölkəyə ilk gəlişimdir. Gəlişimə səbəb də elə bu konqres oldu.
Azərbaycan lap uşaqlıqdan mənim ürəyimdə bir gülüstan kimi yaşayır.
Azərbaycanla bağlı şeirlərim də var. Şükürlər olsun ki, Bakı çox gözəldir, bu
yurdun insanları şeiri, sənəti çox sevərlər”. Daha sonra o dedi: “Mən
müəlliməm. Ömrümün 34 ilini sanki gül bağçasında keçirmişəm. Özümü xoşbəxt
saymışam. Gül balalarla bağlı indiyədək altmışdan çox kitabın müəllifiyəm.
Əsərlərim müxtəlif dillərə tərcümə olunub. Soruşa bilərsiniz, niyə uşaqlar üçün
çox yazıram? Dünya yorulmadan Günəşin başına dolanır. Niyə? Əlbəttə, sevgidən,
onun gözəlliyinə görə... Uşaqlar da çox gözəldirlər. O ki, qaldı konkret sualınıza...
II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinin keçirilməsi çox
əhəmiyyətlidir. Bu tədbir türk xalqlarının sabahını quracaq balalarımıza sevgidən
irəli gəlir. Uşaqlarına dəyər verən xalqın sabahı daha işıqlı olur. İnanıram
ki, bu konqresin səpdiyi “toxumlar” öz bəhrəsini verəcək. Ümid edirəm ki,
qarşıdakı illərdə türk xalqları uşaq ədəbiyyatının antologiyası hazırlanacaq,
bu cür tədbirlərin sayı çoxalacaq”.
“Dili
bir, könlü bir, imanı bir...”
Türkiyənin Abant İzzet Baysal Universitetinin
doktoru Zəki Gürel dedi ki, uşaqlar gələcəyimizdir: “Bu mənada gələcəyimiz üçün
daha faydalı işlər görməliyik. Təbii ki, bu konqres də elə bu sahədə görülən işlərdəndir.
Lakin əsas məsələ odur ki, alınan qərarlar kağız üzərində qalmalı deyil.
Məsələn, hələ 1996-cu ildə Bakıda Elmlər Akademiyasında türk yazarları ilə
bağlı bir tədbir keçirildi. Orada gündəmdə olan məsələlərdən biri türk xalqları
uşaq ədəbiyyatı ilə bağlı idi. Tədbirin sonunda Türk Uşaq Ədəbiyyatı
İnstitutunun təşkili ilə bağlı qərar qəbul olundu. Lakin o vaxtdan illər
keçməsinə baxmayaraq, bununla bağlı bir iş görülmədi. Yəni demək istəyirəm ki,
keçirilən tədbirlər öz bəhrəsini verməlidir. Güman edirəm ki, bu konqresdə bu
kimi məsələlər də diqqət mərkəzində olacaq.
Bəli, bu gün türk uşaq ədəbiyyatı inkişafdadır.
Məqsədimiz türk dünyasının uşaqlarını bir-birinə daha da yaxınlaşdırmaq, qardaş
etməkdir. Dili bir, könlü bir, imanı bir mükəmməl Türk dünyası qurmaq üçün işə
uşaqların mənəvi dünyasından başlamaq lazımdır. Niyə belə bir türk dünyasına
ehtiyac var? - Bütün türk dünyasında əmin-amanlığın olması üçün. Başqa sözlə
desək, türk dünyasında əmin-amanlığın güclənməsi qloballaşan dünyada əmin-amanlığın
güclənməsi deməkdir. Belə bir nəslin yetişməsində isə uşaq ədəbiyyatının,
şübhəsiz ki, öz xüsusi yeri var”.
“Uşaq
ədəbiyyatı anlamı geniş məfhumdur”
Filologiya elmləri doktoru, professor Zahid Xəlilin
(Azərbaycan) fikrincə, türk uşaq ədəbiyyatının formalaşmasında belə tədbirlər
olduqca önəmlidir. Belə tədbirlərdə türk yazarları bir araya gəlir, fikir mübadiləsi
aparır. Onun sözlərinə görə, bu gün Türkiyə uşaq ədəbiyyatı analoqu olmayan
inkişafdadır: “Bu inkişafda yazarlarla bərabər, nəşriyyatların də əməyi
böyükdür. Belə ki, onlar eyni kitabda müxtəlif yazarları bir araya gətirməklə
uşaqları cəlb edə biləcək kitablar ortaya qoyurlar. Bir də onlarda uşaq
ədəbiyyatı daha sistemli şəkildə təqdim olunur. Unutmayaq ki, uşaq ədəbiyyatı
anlamı geniş məfhumdur. Yəni uşaq dedikdə 17 yaşa qədər olanlar nəzərdə tutulur.
Bizdə isə belə hallar nəzərə alınmır. Bu mənada bir-birimizdən öyrənməyimiz
vacibdir. O həmçinin bu sahədə ölkəmizdə təbliğatın da zəif olduğunu
vurğuladı”. Zahid müəllim son illər ölkəmizdə uşaq ədəbiyyatı ilə məşğul
olanların sayının kəskin azaldığını da dedi. O daha bir fikirini də bidirdi: “Elçinin
(”Dünyadan qatarlar gedir”, “Gümüşü, narıncı məxməri”), Əkrəm Əylislinin
(”Mənim nəğməkar bibim”) elə əsərləri var ki, onlardan da bu gün bu sahədə istifadə
etmək olar. Doğrudur, onlar uşaqlar üçün yazılmayıb. Amma onların əsərlərində
əhvalatlar o qədər maraqlı dillə verilir ki, həmin povest və hekayələr
yeniyetmələrin sevimli nümunələrinə çevrilə bilər”.
“Mənəvi
dəyərlərimizi sabaha daşımaq istəyiriksə...”
Qırğızıstandakı Uluslararası Atatürk Alato
Universitetinin türk kafedrasının müəllimi, dr. Mustafa Ocakbeğinin fikrincə,
türk dünyasının mənəvi dəyərlərini uşaqlara aşılamaq günümüzün aktual məsələlərindəndir:
“Bu məsələdə, zənnimcə, əsas rolu türk uşaq ədəbiyyatı oynayır. Odur ki, biz
mənəvi dəyərlərimizi sabaha daşımaq istəyiriksə, uşaq ədəbiyyatına ciddi fikir
verməliyik. Bu sahədə yetərli olmasa da, artıq bir oyanış var. Təbii ki, bu
oyanışda “Qafqaz”da keçirilən bu tədbirlərin də öz payı var”.
Gürcüstanda fəaliyyət göstərən Ukrayna-Gürcüstan
Beynəlxalq Universitetinin prorektoru, prof. Mahmud Hacıxəlilov dedi ki, bütün
türk dünyasının mənəvi dəyərlərini özündə əkst etdirən Türk Uşaq Ədəbiyyatı adı
altında kitabların nəşr olunması artıq günün tələbidir. Bunu yetişməkdə olan
nəslin sabahı tələb edir. Onun sözlərinə görə, son illər bu sahədə yazanların
da sayı azalıb. Elə Gürcüstanı - Borçalını götürək, 200-dən çox yazarımız var,
amma onların heç on faizi uşaq ədəbiyyatı ilə məşğul olmur”.
Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun
doktoru Rahmatullah Barakayevin (Özbəkistan) sözlərinə görə, uşaq ədəbiyyatı
uşaqlara dünyanı necə göstərəcəyimiz haqda deyil, onların dünyanı necə görmələrini
özündə ehtiva etməlidir. Amma bəzən uşaq düşüncələrinə böyük fikirlər pərçim
olunur. Bu isə yanlışdır: “Mənə elə gəlir ki, hazırda uşaq ədəbiyyatımızın
sanki fəlsəfəsi çatışmır. Bəlkə, elə bu səbəbdən öz mənəvi dəyərlərimizi
uşaqlara çatdırmaqda çətinlik çəkirik”.