Təhsilimizin ulduzları dünyada sayrışırlar
Hər il Təhsil Nazirliyi və “Çağ” 
Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin 
ulduzları” adlı hesabat mərasimi keçirir.
Mərasimdə ölkəmizin təhsil sistemində 
özünəməxsus yeri olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil 
müəssisələrinin tələbə adını qazanmış məzunların, beynəlxalq fənn 
olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc
 medallar gətirən şagirdlərin, həmçinin Prezident təqaüdünə layiq 
görülənlərin əməyi qiymətləndirilir. Ötən şənbə də Qafqaz 
Universitetində 2011-2012-ci dərs ilinə həsr edilmiş “Yüksələn 
təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi” adlı təqdimetmə 
mərasimi keçirildi.
Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu 
Mustafa Kamal Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edildikdən 
sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxundu. “Çağ”ın 20 
illik fəaliyyəti ilə bağlı qısametrajlı filmin nümayişindən sonra bu və 
ya digər sahələr üzrə fərqlənmiş şagird və tələbələr səhnəyə dəvət 
olundular. Onlara mükafatları millət vəkilləri Kəmalə Əliyeva, Muxtar 
Babayev, Etibar Hüseynov, professor Şahlar Əsgərov, Azərbaycan Milli 
Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Respublika Fizika 
Olimpiadası Təşkilat Komitəsinin sədri, professor Mirzəli Novruzov, kənd
 təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, dövlət miqrasiya 
xidmətinin sədr müavini Pərviz Musayev, “Çağ” Öyrətim İşlətmələri İdarə 
Heyətinin sədri Enver Özeren, Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper
 Coşkun və təhsil naziri prof. Misir Mərdanov təqdim etdilər.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd 
Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, 
müdrik şəxsiyyətin ideyalarının ölkə başçısı İlham Əliyev tərəfindən 
uğurla həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə, son illər 
qəbul edilən sərəncamların üçdə biri təhsillə bağlı olub. O, Heydər 
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu sahədəki 
rolunu xüsusi vurğuladı.
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri, dr. Enver Özeren 
bildirdi ki, “Çağ”ın əldə etdiyi uğurlar göz qabağındadır (Qeyd edək ki,
 “Çağ”ın şagirdləri beynəlxalq olimpiada yarışlarında 1994-cü ildən bu 
günə qədər 104 qızıl, 169 gümüş, 256 bürünc olmaqla 529  medal əldə 
ediblər). Onun sözlərinə görə, qazanılan müvəffəqiyyətlər “Çağ”a 
göstərilən etimada sədaqətlə çalışmağın nəticəsidir: “Azərbaycan 
Prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən razılığı, 
fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” 
Öyrətim İşlətmələri ümummilli liderin əmanətidir” deməsi hamımızın 
məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər 
qoyur”. O eyni zamanda təhsilimizin ulduzlarının dünyada sayrışdıqlarını
 da vurğuladı. Onun fikrincə, bu amil həm də diaspor fəaliyyətimizdə də 
önəmli rol oynayır. Bu yaxınlarda ABŞ-ın Texas ştatının Hyuston 
şəhərində türkdilli xalqların ənənəvi mədəniyyət tədbiri olan “İpək 
Yolu” festivalından danışan Enver bəy bildirdi ki, orada Azərbaycanın 
milli mədəniyyət nümunələri, qədim tarixi abidələrini özündə əks etdirən
 stendi 50 min amerikalı maraqla izləyib: “Yeri gəlmişkən, onu da deyim 
ki, həmin ölkədə minillikləri özündə yaşadan abidələr yoxdur”.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun təhsildə 
fərqlənənlərin icitimaiyyətə bu şəkildə tanıdılmasını çox önəmli tədbir 
kimi xarakterizə etdi. Onun sözlərinə görə, dünyanın inkişafının 
təməlində təhsil dayanır. Bu mənada Azərbaycanın bu sahəyə önəm verməsi 
təqdirəlayiqdir. Daha sonra Azərbaycanda minlərlə Türkiyə vətəndaşının, 
Türkiyədə isə minlərlə azərbaycanlının təhsil aldığını vurğulayan səfir 
bu kimi əməkdaşlıqların daha da möhkəmlənəcəyini bildirib. O həmçinin 
iki ölkə arasındakı anlaşmalar arasında təhsillə bağlı anlaşmalara daha 
çox üstünlük verildiyini də vurğuladı.
Təhsil naziri prof. Misir Mərdanov belə bir tədbirdə iştirakından 
məmnun olduğunu dilə gətirdi: “Hər il “Çağ” bizə belə sevincli anlar 
yaşadır. Mən dəfələrlə demişəm, yenə deyirəm: “Çağ” Öyrətim 
İşlətmələrinin fəaliyyəti bütün təhsil müəssisələri üçün bir örnəkdir. 
Bu şirkətin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu olub. Bu 
şirkət Azərbaycan-Türkiyə arasında elə bir körpü salıb ki, o, ildən-ilə 
daha da möhkəmlənir, daha da genişlənir. Bu körpünün sonsuzluğadək 
genişlənəcəyinə əminəm”. O, “Çağ”ın keçdiyi 20 yolun ilk illərinin heç 
də asan olmadığını da dedi: “Amma çox şükürlər ki, “Çağ” öz fəaliyyəti 
ilə bir sıra ilklərə imza atmaqla Azərbaycanı, onun təhsilini beynəlxalq
 aləmdə, sözün həqiqi mənasında, tanıtdı”. O, bu kimi uğurlarda əməyi 
olan hər kəsə Təhsil Nazirliyi adından təşəkkür etdi.
Tədbirdə Qafqaz Universitetinin və Azərbaycan-Türkiyə özəl 
Liseylərinin özfəaliyyət kollektivi də maraqlı konsert proqramı ilə 
çıxış etdilər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45415 