Afərin, Orxan!

Bu il qəbul imtahanlarında ölkə üzrə 700 bal toplayan məzunlardan biri də Qazax rayonunun payına düşüb.700 bal toplayan Orxan Qafqaz Universitetində sənayenin təşkili və idarə olunması fakültəsinə daxil olub.
 Təhsil şöbəsinin geniş foyesində elə ilk baxışdan yaraşıqlı bir lövhə diqqəti cəlb edir: "Əhsən, Orxan, biz səninlə fəxr edirik!" Başda qəbul imtahanlarında 700 bal toplamış Orxan Səfərovun şəkli, sonra da ayrı-ayrı təşkilatların, kollektivlərin, ziyalıların ürək sözləri. Hamı bu gənc oğlanı bilik yarışındakı qələbə münasibəti ilə təbrik edir, ona yeni uğurlar arzulayır. Axı Orxan Arif oğlu Səfərov cari ildə ölkə üzrə 700 bal toplamış beş nəfərdən biridir. Onun uğuruna bütün rayon əhsən deyir. Hamı Orxanın istedadı ilə fəxr edir. Təhsil ocaqlarında söhbət Orxandan gedir, onunla çox yerdə görüşlər keçirilib. Hara gedirsənsə, bu bilikli, bacarıqlı gəncin uğurundan danışılır. Onu yetirən S.Nəsirov adına məktəbdə və ümumən Ürkməzli kəndində isə neçə gündür əsl bayram sevinci yaşanır.
Ürkməzli kəndinə getdik. Əskipara dərəsində bağlı-bağatlı bir məkanda yerləşir. Yaşıllığı bol, havası saf, baxdıqca bir-birindən yaraşıqlı mənzərələr göz oxşayır. Kənd məktəbində həqiqətən də bayramdır. Müəllimlər, valideynlər, şagirdlər dəstə-dəstə gəlir, hamı Orxan Səfərovun şəkli önündə ayaq saxlayır, deyir, gülür, haqqında xoş sözlər danışır. İndi Orxan kənddə yoxdur. Bakıya gedib. Qafqaz Universitetində sənayenin təşkili və idarə olunması fakültəsinə daxil olub.
Sədaqət Qurbanova Orxanın oxuduğu sinfin rəhbəri olub. Hamının başını ucaldan şagirdin haqqında həvəslə, ehtiramla danışır:
- Orxan adətən arxa stollardan birində oturar, sakit, səssiz-səmirsiz öz işi ilə məşğul olardı. Bilirdik ki, o, hər fənni yaxşı mənimsəyir, hər bir dərsə həmişə hazırdır. Lakin soruşmasan, irəli düşüb cavab verməyə canfəşanlıq etməzdi. Heç vaxt görməmişdik ki, dərsə ləngisin, şuluq salsın, kiminsə xətrinə dəysin.
Orxana dərs demiş müəllimlərdən Təranə Məmmədova, İlqar Miralıyev, Xatirə Əyyubova, Sevda Məhərrəmova və başqaları Orxan haqqında ağızdolusu danışır, hərəsi ibrətamiz bir xatirə söyləyir.
- Orxan ən çox hansı fənləri xoşlayırdı?
- Fərqləndirmək çətindir, - dedilər. - Orxan üçün elmdə yad sahə yoxdur. Hər şeylə maraqlanır, hər şeyi bilirdi. Bununla yanaşı, ictimai işlərdə də fəal iştirak edirdi. "Şahin" və "Sərhədçi" hərbi idman oyunlarında, "Gənc xilasedici və yanğınsöndürən" yarışında, habelə müxtəlif fənn olimpiadalarında Orxanın xüsusi xidməti olub. Ona görə də dəfələrlə fəxri fərmanlara layiq görülüb.
Orxanın ailəsi ilə maraqlandıq. Atası taksi sürücüsü, anası isə evdar qadındır. Arif Səfərov deyir ki, heç vaxt o, bizə məktəbdən qayğı gətirməyib, həmişə haqqında xoş sözlər eşitmişik. Evdə də o, təsərrüfat işlərində bizə yaxından kömək edərdi.
Onun böyüdüyü ocaq sadə kənd ailələrindən biridir. Halal zəhmətlə dolanır. Elin, obanın içində nəzakətlə, hörmətlə davranırlar. Məhz belə əməksevər ailədə iki oğul böyüyür. Böyüyü Elnur Səfərov keçən il 636 bal toplayaraq Qafqaz Universitetinə daxil olub. Atası deyir ki, Elnur Bakıya gedəndə biz, əlbəttə, narahat idik. Elə böyük şəhərdə baş aça biləcəkmi? Onda Orxan qardaşının üzündən öpərək:
- Get, - dedi, - gələn il mən də gələcəyəm. Özü də birbaşa sənin oxuduğun məktəbə gələcəyəm.
Həqiqətən də belə oldu. Orxan ən yüksək balla Elnurun oxuduğu Qafqaz Universitetinin tələbəsi oldu.
Bu istedadlı gənclərin, bu sadə, işgüzar ailənin, bu bilikli-bacarıqlı kənd məktəbinin haqqında ona görə bir qədər geniş danışırıq ki, indi Ürkməzli məktəbi də, Səfərovlar ocağı da, onların övladlarının həyatı da çoxuna əsl nümunədir.
Orxan Səfərovun uğuru sayalı oldu. Məktəbin geniş həyətində yeni bir binanın təməli qoyulur. Təzəlikcə bünövrəsi qazılır. Qazax rayonunda Orxan Səfərov tək deyildir. Ləman Qasımova, Kamran Məmmədov, Elnur Əlizadə, Cəmilə Quliyeva, Günay Məzənova, Bəxtiyar Göyüşov və başqaları 600-dən çox bal toplayaraq ölkənin ən nüfuzlu ali məktəblərinə daxil oldular. Ümumən isə cari ildə Qazaxdan 365 nəfər gənc oğlan və qız tələbə biletini almışdır.
Gənc məzunların bu uğurları, əlbəttə, yeni nəslin inkişafına, elmə, biliyə dövlət tərəfindən göstərilən tükənməz qayğının bəhrəsidir. Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev deyir ki, son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar olaraq yerlərdə görülən geniş abadlıq-quruculuq işləri ilə yanaşı, təhsilin bazası da getdikcə möhkəmlənir. Hər il bir-birindən yaraşıqlı, yeni-yeni obyektlər tikilir. Şahmat məktəbinin və Birinci Şıxlı kənd tam orta məktəbinin binalarının açılışında Prezident İlham Əliyevin iştirakı bu yerlər üçün tarixi bir hadisə idi.
Respublika Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 2009-cu il 4 dekabr tarixli sərəncamı ilə ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sistemli surətdə məktəblərin siması dəyişilir. Təkcə cari ildə şəhərdə 4 nömrəli orta məktəb üçün üçmərtəbəli yeni bina tikilmiş, digər bir məktəbdə əlavə korpus inşa edilmişdir. Aslanbəyli, Canallı və Qazaxbəyli kənd tam orta məktəblərində isə tikinti işləri başa çatmaq üzrədir.
Qazax rayonunda olarkən onu da yəqin etdik ki, Orxan Səfərovun nümunəsi rayonun bütün təhsil ocaqlarında təbliğ olunur, öyrənilir, yayılır, dövlətin tükənməz qayğısı və köməyi sayəsində müstəqil ölkəmizdə yüksək bilikli, bacarıqlı yeni nəsil yetişir.

Əhməd İSAYEV,
"Azərbaycan" 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır