Oktyabrın 8-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib.
      
      
      
          
Konfransda DSMF sədri S.Müslümov “Azərbaycanın pensiya sistemi: 
islahat davam edir” mövzusunda təqdimatla çıxış edib. Fondun sədri 
Azərbaycanda sığorta-pensiya sisteminin ayrı-ayrı dövrlərdəki inkişaf 
mərhələlərinə toxunub. O vurğulayıb ki, ümumilikdə DSMF-nin 20 illik 
fəaliyyətini şərti olaraq 4 dövrə bölmək mümkündür. Bunlar 1992-1995-cı 
illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı 
dövr. S.Müslümov bu dövrlərdə sığorta-pensiya sistemində baş verən 
prosesləri təhlil edərək bildirib ki, 90-cı illərin əvvəlində ölkə 
iqtisadiyyatının tənəzzülü əhalinin həyat səviyyəsinin ümumiləşdirici 
göstəricisi olan əhalinin pul gəlirlərinə mənfi təsir edib: “Respublika 
əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə 
azalmış, inflyasiyanın günbəgün sürətlə  artması və əhalinin 
sosial-iqtisadi vəziyyətinin pisləşməsi baş vermişdi. 1995-ci ildən 
başlayaraq ölkə iqtisadiyyatının, o cümlədən özəl sektorun və 
sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl işlər 
nəticəsində əhalinin gəlirlərinin, həmçinin bu gəlirlərin strukturunda 
sahibkarlıq fəaliyyətindən daxilolmaların xüsusi çəkisi artmağa 
başlamışdı”.
Onun sözlərinə görə, 1996-2002-ci illəri əhatə edən dövr ərzində 
pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə 
etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli 
vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və 
dövlət təminatı sistemlərinə əsaslanmaq, çox çətinliklə başa gəlsə belə,
 əsas taktiki addımlar kimi seçilmişdi: “Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi həmin 
istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, 
habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində
 ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin 
ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə
 olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdi. Həmin illər 
ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi 
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, 
Nazirlər Kabinetinin 2 qərarı olmuşdur ki, bunların tətbiqi nəticəsində,
 həmçinin ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin
 orta aylıq məbləği 8 dəfə artmışdı”.
S.Müslümov qeyd edib ki, sonrakı mərhələdə (2003-2005-ci illər) sabit
 və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi 
nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı 
mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən 
pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin 
təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji 
istiqamətlərindən biri kimi tam gerçəkləşdirilmişdir. Bu məqsədlə 
2004-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılmış, 
2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım 
sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında 
fəaliyyət göstərməsi təmin edilib.
2006-cı ildən isə Azərbaycanda müasir tələblərə cavab verən 
sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib. Bu gün həmin sistem 
sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların
 bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. 
Yeni sistemin fəaliyyət dövrü ərzində DSMF-nin xərcləri 4,4 dəfə artaraq
 2,5 mlrd. manata çatıb. Bu artımlar pensiya xərclərinin ölkənin ÜDM-ə 
olan nisbətinin artımını şərtləndirib. Müqayisə üçün qeyd olunmalıdır 
ki, bu göstərici 2003-cü ildə 3,9 faiz təşkil etmişdir və 2003-2011-ci 
illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz  artaraq 
810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin
 xərclərinin artımı isə 7,3 dəfə olub: “Yeni sistemin fəaliyyətə 
başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artmış, 
sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 milyon 300 min 
nəfərdən 2 milyon 100 min nəfəri ötmüş, sosial sığorta haqqının 
dərəcələri 29 faizdən 25 faizə endirilmişdir. Əvvəlki sistemlə pensiyaya
 çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya 
hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir 
məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. 
2011-ci ilin 1 iyulundan bu istiqamətdə islahatların sonuncu mərhələsi 
gerçəkləşdirilmiş və həmin insanların pensiyalarının əvvəlki sistemin 
fəaliyyəti dövründəki iş stajları əsasında yenidən hesablanması 
nəticəsində ortalama 40 faiz artırılmışdır. Bu islahat tədbirinin illik 
maliyyə tutumu 500 milyon ABŞ dollarından çox olmuşdur. Yeni sistem 
fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum 
məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,3 dəfə artmışdır. Ölkə üzrə 
əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq 
məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq 
məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz 
təşkil etmişdir”. S.Müslümov nəzərə çatdırıb ki,  pensiya və 
müavinətlərin ödənişi avtomatlaşdırılmış, hazırda pensiya ödənişi 
aparılan pensiyaçıların kənd yerlərində 99,0 faizinin, şəhərlərdə 100 
faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla 
ödənilməsi təmin olunub.
S.Müslümov Prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci 
illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına
 dair Dövlət Proqramı” çərçivəsində sığorta-pensiya sistemində 
islahatların davam etdirildiyini vurğulayıb. Hazırda sığorta-pensiya 
sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı 
istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatların 
aparılması, həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə 
dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi, pensiya 
təyinatının avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım 
komponentinin tətbiqi,  qeyri-dövlət pensiya institutlarının inkişafı, 
sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində islahat 
tədbirlərinin həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır.
ANN.Azhttp://ann.az/az/qafqaz-univeristetind%C9%99-elmi-praktik-konfrans-kecirildi/