“Qafqaz”da Nizamidən söz açıblar
Qafqaz Universitetində dahi Azərbaycan 
şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı 
tədbir keçirilib. 
Tələbə və professor-müəllim heyəti, dəvət olunmuş 
qonaqların iştirakı ilə keçirilən tədbirdə Qafqaz Universitetinin 
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof.Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından 
ətraflı söz açıb. O Nizami Gəncəvini dünyəvi şair kimi xarakterizə edib.
 Onun sözlərinə görə, Nizami bəşəriyyətin bədii söz aləminə “Xəmsə” adlı
 xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir 
mənzərəsini sərgiləyib. Onun əsərləri əsrlə tədqiq olunsa da, bu gün də 
nizamişünaslıq yeni-yeni mülahizələr söyləyir. 
Digər çıxış edənlər - 
AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Siracəddin
 Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə 
fəlsəfə doktoru Ağaverdi Xəlil və başqaları Nizami irsinin 
əhəmiyyətindən söz açıblar. Gülər Rəsul
