Tbilisidə “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Tbilisi, 17 oktyabr (AzərTAc). Gürcüstan Təhsil və Elm Nazirliyi, Tbilisi Beynəlxalq Qaradəniz Universiteti, Bakıdakı Qafqaz Universiteti, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə Tbilisidə “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda 6-cı beynəlxalq konfrans işə başlamışdır.
Konfransı giriş sözü ilə Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Surquladze açaraq iştirakçılara uğurlar diləmişdir.
Bakıdakı Qafqaz Universitetinin kompyuter mühəndisliyi kafedrasının müdiri Abzetdin Adamov AzərTAc-ın xüsusi müxbirinə demişdir ki, konfransın məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdadır. Konfransın işində Azərbaycandan 20-yə yaxın elm xadimi iştirak edir. Qeyd edim ki, 6-cı dəfə baş tutan bu konfransın təşkilində adıçəkilən elm ocaqları ilə yanaşı, ABŞ-ın Elektrik Elektronika Mühəndisləri İnstitutunun da böyük dəstəyi olmuşdur.
A.Adamov demişdir ki, 2009-2011-ci illərdə belə bir konfrans Bakıda keçirilmişdir. Gələn il də onun Bakıda keçirilməsini planlaşdırırıq. Konfransda informasiya-kommunikasiya texnologiyalarının təhsil, elm, iqtisadiyyat, biznes, səhiyyə, idarəetmə, dövlət strukturlarında və digər sahələrdə tətbiqinin daha da yaxşılaşdırılması yolları müzakirə obyektlərindəndir. Bütün bunlar biznes, iqtisadiyyat və başqa sahələrdə işin yaxşılaşdırılması ilə yanaşı, dövlət strukturlarının fəaliyyətində də yeniliklərin tətbiqi yollarına diqqəti cəlb edəcəkdir. Konfransın təşkilatçısı olan universitetlərin rektorları onun gündəliyində duran məsələ ətrafında məruzələrlə çıxış etmişlər.
A.Adamov bildirmişdir ki, konfransın gələcəkdə müxtəlif sahələrdə işin yaxşı təşkilinə təminat verə biləcək amillərdən birinə çevriləcəyinə əminəm.

Tbilisi Beynəlxalq Qaradəniz Universitetinin rektoru Ercan Tunc da konfrans barədə mülahizələrini bölüşmüşdür. O demişdir ki, konfransın Tbilisidə keçirilməsinə imkan yaradanlara, o cümlədən bu işin təşkilinə böyük dəstək vermiş Qafqaz Universitetinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
E.Tunc qeyd etmişdir ki, konfrans son vaxtlar böyük maraq kəsb edən naqilsiz internet, 3-cü və 4-cü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Burada müxtəlif elm sahələrində çalışan gənc alim və mütəxəssislərə elmi axtarışlarının nəticələrini təqdim etmək üçün yaxşı şərait yaradılmışdır.
Konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edir.
Beynəlxalq tədbir oktyabrın 19-da başa çatacaqdır.
İslam Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

http://www.azertag.com/node/1014192

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF