Səlim Müslümov Qafqaz Universitetində tələbələr qarşısına pensiya sistemindən danışdı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı dünən Qafqaz Univeristetində elmi-praktik konfrans keçirilib. "Aktuar hesablamalar və sığorta pensiya sisteminin inkişaf variantları" mövzusunda keçirilən konfransda tələbələr qarşısında DSMF sədri Səlim Müslümov geniş məruzə ilə çıxış edib.
   
 "Həftə içi"nin məlumatına görə, əvvəlcə konfransın gündəliyi barədə danışan Qafqaz Universitetinin rektoru Ahmet Saniç rəhbərlik etdiyi ali məktəbdə bu tədbirlərin artıq ənənə halını aldığını söyləyib. O, qeyd edib ki, hər ay universitet rəhbərliyinin dəvəti ilə Azərbaycanın tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edir, sualları cavablandırırlar.
   
   Daha sonra DSMF sədri Səlim Müslümov "Azərbaycanın pensiya sistemi: islahat davam edir" mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə sığorta-pensiya sisteminin ayrı-ayrı dövrlərdəki inkişaf mərhələlərinə toxunan Səlim Müslümov vurğulayıb ki, ümumilikdə DSMF-nin 20 illik fəaliyyətini şərti olaraq 4 dövrə - 1992-1995-cı illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrə bölmək olar. Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində ölkə iqtisadiyyatının tənəzzülü əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirlərinə mənfi təsir edirdi: "O dövrdə respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azaldı, inflyasiyanın günbəgün sürətlə artması və əhalinin sosial-iqtisadi vəziyyəti pisləşdi. 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatının, o cümlədən özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirlərinin xüsusi çəkisi artmağa başladı".
   
   Fond sədri deyib ki, 1996-2002-ci illərdə pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq, əsas taktiki addımlar kimi seçildi. Onun sözlərinə görə, həmin illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Əhaliyə pensiya və müavinətlərin ödənilməsi, digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunub, bu sahədə köklü dəyişikliklər baş verib: "Həmin illərdə aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub. Onların tətbiqi ilə həmçinin ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artdı".
   
   Fondun sədri qeyd edib ki, 2003-2005-ci illərdə sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilib. Bu məqsədlə 2004-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılıb: "2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. 2006-cı ildən isə Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Yeni sistemin fəaliyyət dövrü ərzində DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2,5 milyadr manata çatıb. 2003-2011-ci illərdə ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olub".
   
   Səlim Müslümov deyib ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artıb. Onun sözlərinə görə, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 milyon 300 min nəfərdən 2 milyon 100 min nəfəri ötüb. Sosial sığorta haqqının dərəcələri 29 faizdən 25 faizə endirilib. Onun sözlərinə görə, 2011-ci ilin 1 iyulundan pensiyalarının əvvəlki sistemin fəaliyyəti dövründəki iş stajları əsasında yenidən hesablanması nəticəsində ortalama 40 faiz artırılıb. Bu islahat tədbirinin illik maliyyə tutumu 500 milyon dollarından çox olub. Yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4, orta aylıq məbləği isə 5,3 dəfə artıb. Səlim Müslümov deyib ki, pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99, şəhərlərdə 100, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.
   
   Sonra Səlim Müslümov tələbələri maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb. Seminarın sonunda S.Müslümova universitetin Fəxri Plaketi təqdim olunub.
  
Təbriz VƏFALI

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF