Bakıda II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi keçirilir
 Dünən Qafqaz Universitetində “Türk Xalqları 
Uşaq Ədəbiyyatı” adlı ikinci beynəlxalq konqres öz işinə başlayıb. 
Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, 
Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliğinin həmsədrliyi 
ilə təşkil olunan konqres oktyabrın 13-dək davam edəcək. 
Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov
 bu cür tədbirlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğulayıb: 
«Qafqaz Universiteti Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Bu 
universitet artıq Azərbaycanın təhsil sistemində öz sözünü deyib. “Çağ 
öyrətim” şirkətinə təşəkkür edirik ki, Azərbaycana gəldilər və bu cür 
məktəblər yaratdılar». 
Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayevdə bu gün ölkəmizdə 
kitab satışının azalmasına diqqət çəkib: «Bu bizim yaralı yerimizdir. 
Gənc nəsil daha çox internet vasitəsilə kitabları yükləyib oxuyurlar. 
Biz yaşlı nəsil üçünsə bu bir qədər çətindir. Bütün bunlara baxmayaraq, 
hansı vasitə ilə olursa-olsun kitablara maraq olmalıdır. şaqların 
gələcəkdə necə insan olmaları onların oxuduğu kitablardan asılı olacaq. 
Təəssüflər olsun ki, Azərbaycanda bir müddət kitabsız nəsil yetişdirdik.
 Bu da kiril əlifbasından latın əlifbasına keçid zamanında oldu». 
Konqresin ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının 
məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə yekun iclas 
keçiriləcək.  Konqresin üçüncü günü isə Asiya ölkələrindən və Türkiyədən
 gələn elm adamlarına Bakı şəhəri gəzdiriləcək, tarixi məkanlarla 
tanışlıq olacaq.
Qeyd edək ki, 2008-ci ildə təşkil olunmuş I konqresdə 8 ayrı 
ölkədən 58 Universitetin elm adamları, uşaq ədəbiyyatı yazıçıları, 
şairləri, uşaq jurnallarının redaktorları, müxtəlif nəşriyyat evlərinin 
rəhbərləri iştirak ediblər. Konqres ərəfəsində uşaq ədəbiyyatı şair və 
yazıçıları bəzi məktəbləri ziyarət edərək şagirdlərlə görüşüblər. 
Xalid
http://ucnoqta.az/maqazin/57877.html