Qafqaz Universitetində ənənəvi aylıq seminar öz işinə başlayıb

Yeni dərs ilinin başlanması ilə əlaqədar Qafqaz Universitetində ənənəvi aylıq seminarlara start verilib. Oktyabrın 8-də universitetin akt zalında bu silsilədən ilk seminar keçirildi. Seminarın mövzusu "Azərbaycanda pensiya sistemi: islahatlar davam edir", məruzəçisi isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov idi.
Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç öncə qonağı salamlayıb onu rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməsindən məmnun olduğunu bildirdi. Sonra rektor aylıq seminarlar haqqında qısa məlumat verərək onların tələbələrin dünyagörüşünü genişləndirmək məqsədi ilə təşkil edildiyini, tanınmış dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, şirkət rəhbərlərinin məruzəçi qismində seminarlara dəvət olunduğunu diqqətə çatdırdı. Yığışdıqları seminarın mövzusuna toxunan rektor onun nəinki iqtisadiyyat profilli ixtisaslar üzrə təhsil alan tələbələr, eyni zamanda digər ixtisaslara yiyələnənlər və professor-müəllim heyəti üçün də maraqlı olacağına əminliyini ifadə etdi və dəvətlərini qəbul edib universitet kollektivi ilə görüşə gəldiyi üçün S.Müslümova təşəkkürünü bildirdi.
Sonra söz məruzəçiyə verildi. S.Müslümov öncə rəhbərlik etdiyi dövlət qurumu barədə məlumat verdi və onun fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı bir sıra tədbirlər keçirdiklərini, universitet kollektivi ilə görüşünün də bu tədbirlər silsiləsindən olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ölkə üzrə 27 min nəfər dövlət qulluqçusunun 10 faizi, yəni 2700 nəfəri Dövlət Sosial Müdafiə Fondu sistemində çalışır. Onlardan 2280 nəfəri inzibati idarəetmə heyəti, qalanı isə digər personaldan ibarətdir. Fondun 20 illik faliyyət yoluna nəzər salan S.Müslümov sığorta-pensiya sisteminin indiyədək bir neçə inkişaf mərhələsindən keçdiyini qeyd edib, 1992-1995, 1996-2002, 2003-2005 və 2006-cı ildən sonrakı dövrləri əhatə edən hər bir mərhələdə görülmüş işlər barədə ətraflı məlumat verdi. İlk illər qanunvericilik bazası sovet pensiya sisteminin prinsiplərinə əsaslanan ölkəmizin pensiya sisteminin bazar iqtisadiyyatına uyğunlaşdırılması yolunda bir sıra çətinliklər olduğunu deyən  məruzəçi həmin çətinliklərin aradan qaldırılması üçün ardıcıl iş aparıldığını, xüsusən 1996-2002-ci  illər ərzində zəruri iqtisadi baza yaradıldıqdan sonra pensiya sistemində əsaslı dəyişikliklər edildiyini, vahid sığorta-pensiya qurumunun yaradılmasını təmin etmək üçün bir sıra qanunların, qərarların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını diqqətə çatdırdı, 2006-cı ildən başlayaraq pensiya sistemində tətbiq olunan yeni qayda və mexanizm haqqında seminar iştirakçılarına ətraflı məlumat verildi. Qeyd olundu ki, bu gün ölkədə 1245.000 pensiyaçı var və pensiya sistemində aparılan islahatlar davam edir.
S.Müslümov məruzəsinin sonunda  rəhbərlik etdiyi qurumda bir sıra ixtisaslar üzrə mütəxəssislərə ciddi ehtiyac duyulduğunu qeyd edib, həmin ixtisaslar üzrə  kadr hazırlığına başlanması üçün müvafiq addımlar atılmasının zəruriliyini diqqətə çatdırdı, tələbələrə bu ixtisaslara yiyələnməyi tövsiyə etdi.
Seminarda hörmətli qonağa Qafqaz Universitetinin plaketi təqdim olundu.
Tədbirin sonunda S.Müslümov özü ilə gətirdiyi kitablarını universitetin kitabxanasına hədiyyə etdi və seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF