BAKIDA II BEYNƏLXALQ TÜRK XALQLARI UŞAQ ƏDƏBİYYATI KONQRESİ KEÇİRİLİR
Oktyabrın 11-də Qafqaz Universitetində II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi başlamışdır.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Milli Məclisin deputatlarının, Azərbaycan, Türkiyə, Qazaxıstan, 
Özbəkistan, Gürcüstan və digər ölkələrdən alimlərin, yazıçıların, təhsil
 işçilərinin, mütəxəssislərin iştirak etdikləri konqresin açılış 
mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu 
öndər Heydər Əliyevin elm və təhsilə daim böyük diqqət və qayğı 
göstərdiyini xatırlatmış, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan 
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini 
bildirmişdir.
Professor Ə.Saniç konqres və onun məqsədi barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, konqres Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri
 Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə 
Yazarlar Birliyi tərəfindən təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlər və millətlərin gələcəyi 
baxımından həyatın bütün mərhələlərində böyük əhəmiyyət kəsb edən 
uşaqların təlimində və xarakterlərinin formalaşmasında əvəzsiz rol 
oynayan uşaq ədəbiyyatına diqqəti cəlb etmək, bu sahədə müştərək 
cəhətləri araşdırmaq, eyni zamanda, 2008-ci ildə keçirilmiş müvafiq 
konqresin nəticələrini təhlil edərək qarşıda duran vəzifələri 
müəyyənləşdirməkdən ibarətdir.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin
 inkişafına xüsusi önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan 
Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini 
vurğulamışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələri, o cümlədən 
Qafqaz Universiteti barədə müsbət fikirlərini qeyd edən nazir, eyni 
zamanda, konqresin əhəmiyyətindən bəhs etmiş, təşkilatçılara təşəkkürünü
 bildirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Prezident 
İlham Əliyevin ədəbiyyata və mədəniyyətə göstərdiyi böyük diqqət və 
qayğıdan danışmışdır.
Xalq Yazıçısı uşaq ədəbiyyatının yetişməkdə olan nəslin inkişafında mühüm rolunu xatırlatmışdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə 
müşaviri Seyid Əhməd Arslan və digər çıxış edənlər də konqresin 
iştirakçılarına uğurlar arzulamışlar.
Tədbirin qızıl sponsorları- Azərbaycan Amerika Alyansı və “Azərsun Holdinq” şirkətinə, gümüş sponsorları-
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə (TİKA), “Ulduz” şokolad fabrikinə və “Bakcell”ə xatirə plaketləri təqdim olunmuşdur.
Sonra bölmə iclaslarında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konqres oktyabrın 13-də başa çatacaqdır.
BAKI. 12.10.2012. http://www.azerbaijan.az/portal/newsaz.html?action=GetFullNews&ldid=2005-07-26<id=21:41:33
