“MÜƏLLİMLƏRİMİZ NƏ SİQARET ÇƏKİR, NƏ DƏ ARAQ İÇİR”


Ənvər Özeren: “Bir gün bu ölkədən ayrılası olsam, deyərəm ki, yaşadım, amma mənə bəxş edilən zaman içərisində bunun haqqını verə bilmədim”
“Möhtəşəm yüz il”də tarixi reallıqlarla üst-üstə düşməyən məsələlər, tariximizi təhqir edən məqamlar var"
Azərbaycan musiqisinin vurğunudur, bəzi mahnılarımızı, klassik əsərlərimizi telefonuna yükləyib, məqamı gələndə dostlarına da “hələ bir dənə dayanın, Azərbaycandan bir mahnı dinləyəlim” deyir. Bu maraq isə ona əski dövrlərdən, hələ sərhədlərin bağlı olduğu sovetlər zamanındakı həsrət yükünü daşıdığı illərdən yaranıb. O zamanlar Türkiyə radiolarından Rəşid Behbudovu, Zeynəb Xanlarovanı sevə-sevə dinlədiyini söyləyir. Elə söhbətimizə başlamazdan öncə türkcə olimpiadada baş nazir Ərdoğanı öz mahnısı ilə kövrəldən azərbaycanlı qızcığazın həzin mahnısını dinləyirik.
Müsahibimiz “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özerendir. 1961-ci ildə Türkiyənin Bordur şəhərində anadan olub. 1976-cı ildə İzmirdə keçirilən sınaqlarda uğurla çıxış edərək Atatürk liseyinə qəbul olunub və 79-cu ildə təhsilini başa vurub. Ali təhsilini İstanbul Universitetində alan Ənvər bəy Antalya, Bursa, Tunceli şəhərlərində bir sıra dövlət qurumlarında məmur olaraq çalışıb. Daha sonra İstanbula dönüb və 1995-ci ilədək təhsil sahəsində işlərini davam etdirib, buradakı özəl təhsil şirkətlərində genel müdir olaraq işləyib. Ardınca Balıkesir şəhərindəki özəl təhsil şirkətinə rəhbərlik edib. 2000-ci ildən isə Azərbaycanda, “Çağ” Öyrətimdə çalışır.
- Ənvər bəy, “Çağ” Öyrətimin bu uğurlarının resepti varmı?
- Mustafa Kamal Atatürk deyir ki, “Müəllimlər, diqqət edin, yeni nəsillər sizin əsəriniz olacaqdır”. Ümummilli liderimiz Heydər Əliyev deyir ki, “Təhsil millətin gələcəyidir”. Bu gün də görüləcək ən çətin, amma xeyirli iş təhsil işidir, insanlara savad vermək, bilik öyrətməkdir. Əlbəttə, bizim də bu səviyyəyə çatmağımızda müəllimlərimizin əməyi olub. Ailələrimiz imkanlarına baxmayaraq bizi oxutdular. Dövlət dəstəyi olmasaydı, mən balaca bir rayondan çıxıb İzmirdə oxuya bilməzdim. Biz təhsil sahəsində nümunəvi insanlar gördük, onların əllərində yetişdik. Birincisi, təhsilin keyfiyyəti məsələsində insanların yetişdiyi mühit, onlara dərs deyən müəllimlər, ailələrinin təhsilə göstərdiyi diqqət və qayğı çox önəmlidir. İkincisi, təhsil sahəsində böyüklərin sözlərini həmişə rəhbər tutduq. Bizim türk məktəblərinin yaranması rəhmətlik Turqut Özal dövründə başladı. Türkiyənin ağsaqqalları davamlı tövsiyələrdə bulundular. Bu il sizin də iştirak etdiyiniz Türkcə Olimpiadada dünyanın 135 ölkəsindəki bu məktəblərdən gələn insanlar yarışdılar. Dünyada 150-yə yaxın qurulmuş bu məktəblər var. Amma bu məktəblərin ilki Azərbaycanda - Naxçıvanda rəhmətlik Heydər Əliyev Ali Məclisin sədri olarkən onun xeyir-duası ilə açıldı. Bizim təhsillə bağlı böyük marağımıza dövlət böyüklərinin “yapdığınız iş gözəldir, bu işi davam etdirin” tövsiyəsini alanda daha əzmlə çalışdıq. Bizim şüarımız bu oldu: “Etimada sədaqətlə!” Azərbaycan və Türkiyə xalqının, dövlət böyüklərinin bizə göstərdiyi güvən və etimada ləyaqət və sədaqətlə işlədik. İşimiz böyüdükcə çiyinlərimizdəki işin ağırlığını hiss edirik. Çünki işimizə məsuliyyətlə yanaşırıq.
- Azərbaycan təhsil sistemindəki problemlərlə yəqin siz də tanışsınız. Sizcə, bu durumdan xilasın yolu nədədir?
- Təbii ki, Azərbaycan 20-30 il əvvəlki deyil. Təhsilin inkişafı da müəyyən zaman tələb edir. Biz Azərbaycanda özəl şirkətik, özəl şirkətin vəzifəsi etdiyi işi ən yaxşı görməkdir. Heydər Əliyev o zaman demişdi ki, siz təhsil sahəsində gördüyünüz nümunəvi işi davam etdirin, bizim də təhsil müəssisələrimiz bundan nümunə götürsünlər. Əldə etdiyimiz müvəffəqiyyətlərə bu cür baxırıq: bu şagirdlərin hamısı Azərbaycan şagirdidir, qazanılan müvəffəqiyyətlər də Azərbaycanındır. Bir şüarımız da var: “Elm naminə Azərbaycan üçün dünya ilə yarışırıq!” Keçmiş təhsil sistemini birmənalı pisləmək doğru olmaz. Hər bir sistemin özünə görə götürüləsi gözəl nümunələri var, biz də onların hər birindən istifadə etdik və davam edirik. Amma bununla yanaşı, Türkiyədə, dünyada gedən təhsil prosesindən də istifadə edirik, təhsil sistemimizi sürətlə modernləşdiririk. Çünki dil bilən müəllimlər bizdə dərs deyir. 1992-ci ildə Azərbaycana gələndə müəllim kollektivinin 85 faizi türkiyəli idi. Çünki məktəblərdə ingiliscə hazırlıq oxudulur, fizika, kimya, biologiya, riyaziyyat, kompüter ingiliscə davam edir. O vaxt Azərbaycanda bu dərsləri deyəcək müəllim tapmaq çətin idi. Türkiyədə yetişən müəllimlər buraya sevərək gəldilər. Bir adamın Azərbaycana bir eşqi, sevgisi yoxdursa, onun gəlməsinə zatən gərək yox, o, burda təhsildə faydalı ola bilməzdi. Artıq Azərbaycanda şirkətimizin fəaliyyətinin 20 illiyidir. Bu 20 illik zaman içərisində məktəblərimizin müəllim kollektivinin 83 faizi artıq bu məktəblərin məzunlarıdır ki, müəllim işləyirlər. Qafqaz Universitetinin müəllim kollektivinin 87 faizi universiteti qurtarmış, yaxud Amerika, İngiltərə, Türkiyə, Rusiya, Azərbaycanda doktorluq almış şəxslərdir. "Araz" kurslarının müəllim kollektivinin 98 faizi azərbaycanlı qardaşlarımızdır. 1994-cü ildə Azərbaycan ilk dəfə beynəlxalq biologiya olimpiadasına qatıldı və ölkəyə 2 qızıl, 2 gümüş medal gətirildi. Hətta bəzi insanlar zarafatla dedilər ki, siz o medalları İstanbulda düzəldib gətiribsiniz. Amma bu günədək Azərbaycana 98-i qızıl olmaqla 500-dən artıq medal gəlib. Bütün bu müvəffəqiyyətlər bu gün böyük faizini azərbaycanlıların təşkil etdiyi müəllim kollektivimizlə gerçəkləşir. Yaxşı müəllimin yetişməsi üçün də oxuyan şagirdlərə müəllim peşəsinin yaxşı anladılması lazımdır. Bu mənada biz Qafqaz Universitetində müəllimlik peşəsini açmışıq. Bizə qulaq asan insanlara həmin müəllimlik ixtisaslarını tövsiyə edirik. Bizim Türkiyə təcrübəmiz var. Rəhmətlik Özal zamanında “nə olmaq istəyirsən” soruşanda “axırda bir müəllim olaram” cavabı verilirdi. Turqut Özal müəllimlərə xüsusi status verdi, maaşlarını qaldırdı, özəl təhsilin önünü açdı. Nəticədə “axırda müəllim olaram” deyən insanlar müəllimlik fakültələrinə girə bilmədi və savadlı şagirdlər universitetlərə qəbul olub müəllim oldular. Beləcə, təhsilin səviyyəsi qalxdı. Bu gün dünyanın 50-yə yaxın ölkəsində azərbaycanlı qardaşlarımız çalışır. Quba liseyini bitirən qardaşımız Amerikanın Texas əyalətində müdirlik edir.
- Azərbaycanda müəllim maaşı 150-200 manatdır. Sirr deyilsə, sizdə müəllimlərin maaşı nə qədərdir?
- Bizdə müəllim maaşı evli və ya subay olmağına görə dəyişir. Yəni müəllimlərə 700-800 manatdan 1200 manatadək pul ödəyirik. 18 saatdan artıq dərs deyənlərə əlavə ödəniş də edilir. Müəllimin neçə uşağı varsa, ona uyğun maaşına əlavələr olur. Biz müəllimin, onun ailəsinin müalicə məsələlərini də nəzərə alırıq.
- Sizin müəllimlərdən də repetitorluq edəni var?
- Bizdə heç bir müəllim məktəbdən kənar heç bir şagirdə dərs deyə bilməz. Qardaş, biz sənə lazım olan qədər maaş veririk. Sən də bütün əməyini bu məktəbin tavanı altında sərf etməlisən. Gecə saat 10-dək müəllimlərimiz şagirdlərə əlavə dərs deyir. Yaxud müəllimlərimizin rayonlardakı yerlərini dəyişir, təcrübə mübadiləsi edirik. Artıq bizdə elektron məktəb sisteminə keçilib, jurnallar elektron formada doldurulur, ağıllı taxta dediyimiz elektron lövhələrimiz var. Müəllim kollektivi gənc, 24 saat çalışmağa qadir, kənarda bir iş görməyən, savadlı, əxlaqlı şəxslərdən ibarətdir. Müəllimlərimizin heç biri siqaret çəkmir, araq içmir. Müəllim belə olmalıdır.
- İbadətlə bağlı məcburiyyət varmı?
- Xeyr, məcburi deyil. Mən özüm namaz qılıram. Biz də, azərbaycanlılar da müsəlmandır. Bu mənada namaz qılmağın nəyi pisdir? Ancaq biz dini məktəb deyilik, dünyəvi təhsil sistemimiz var. Müəllimin vicdanlı olması, şagirdlərə ana-ata kimi vicdanla yanaşması önəmlidir. Bizim məktəblərin çoxu internat tiplidir. Gecə müəllim qalxır, uşaqların yatdığı yataqxanaya gedir, üstü açılan varsa, üstünü örtür, öskürən varsa, bir dərman tapıb verir. Uşaqlara şəfqətlə yanaşarsınızsa, onlar da ətrafdakılara şəfqətlə yanaşar. Türkiyədə bir deyim var: südün keyfiyyəti qaymağından asılıdır. Südün üstündə yaxşı qaymaq varsa, demək süd keyfiyyətlidir. Bir ölkənin daxilində nə qədər savadlı insan varsa, təhsil sistemi nə qədər savadlı insan yetişdirirsə, milləti təmsil edən bir o qədər savadlı insan olacaq.
- Azərbaycan təhsilini inkişaf etdirmək üçün Türkiyədən “təhsil komandosları”nın gətirilməsinə necə baxırsınız?
- Azərbaycanda ən sıxıntılı durum peşə təhsilindədir. Məncə, Türkiyədəki peşə təhsili ilə əlaqəli müəllimləri Azərbaycandakı peşə məktəblərinə cəlb etmək üçün iki ölkə arasında anlaşma əldə oluna bilər. Amma humanitar fənlərlə bağlı buna ehtiyac görmürəm. Azərbaycanın təhsil sahəsindəki ən böyük layihələrindən biri cənab prezidentin təsdiqlədiyi dövlət proqramı ilə 5 min tələbənin xaricə dövlət xətti ilə təhsil almağa göndərilməsidir. Rəhmətlik Özal da hakimiyyətə gəldiyi zaman xaricə təhsil almağa çox insanları göndərdiyi kimi, xaricdən çoxsaylı beyinləri də Türkiyəyə gətirdi və ölkədə böyük dəyişiklikləri gerçəkləşdirdi.
- Öz övladlarınız harada təhsil alır?
- Övladlarımın biri İstanbulda çalışarkən dünyaya gəldi, o, oldu istanbullu. İndi Mərmərə Universitetində təhsil alır. Digər oğlum Balıkesirdə anadan oldu, o da balıkesirli oldu. Hazırda lisey təsilini davam etdirir, yataqxanada qalır. Qızım da Bakıda Qafqaz gimnaziyasını bitirdi. Çox yaxşı təhsil aldı, ingilis dilini mükəmməl öyrəndi. Xaricdən bəzi qonaqlar gələndə qızım tərcüməçim olur. Anam-atam Burdur şəhərində yaşayır. Biz 5 qardaşıq. Onların bir hissəsi özəl sektorda işləyir. Bir qardaşım Səhiyyə Nazirliyində müşavir, digəri kənd təsərrüfatında müdirlik edir. Həyat yoldaşım universitetdə magistrliyi bitirdi, namizədliyə başlayacaq.
- Burada istirahətinizi hansı ünvanda keçirir, haralara üz tutursunuz?
- Bizim bir çox rayonlarda - Gəncə, Quba, Lənkəran, Qax, Şamaxıda və digərlərində məktəblərimiz var. Həftəsonları mütləq bir rayona gedir, həm məktəblərimizi ziyarət edirik, ordakı arkadaşlarla görüşür, həm də işlərlə yerində tanış oluruq. Elə bu səfərlərimizdə rayonların təmiz havasını udmaq imkanımız olur. Mən istirahəti iş dəyişikliyi edərək gerçəkləşdirirəm. Bəzən uçaq yolçuluğu insan üçün nemət olur, deyirsən hə, uçaqda olarkən filan işlərə baxacağam. Bu mənada bizdə uzun müddətli dincəlmək imkanı olmur. Əlbəttə, müəllimə ildə 30-35 günlük izin veririk, gedir dincəlir. Amma işin başında olan bizlərin belə uzunmüddətli getmək imkanı olmur. İmkan düşən kimi mədəni abidələrə baş çəkməyə, meşələri gəzməyə çalışıram. Şamaxı, İsmayıllı, Zaqatala, Qax, Quba tərəflərdə bir çox sevdiyim ünvanlar var, imkan düşəndə ailəvi gedirik. Ruhən insan dincəlmiş olur. Yaxud Lənkəranda çay tarlalarına baş çəkib çayçılarla söhbətləşirəm, feyxoa bağları ilə maraqlanıram. Zaqatalada fındığı necə becərirlər soruşuram, Qubada alma bağlarına baş çəkirəm. İnsanlar hansı işi görürsə-görsün, maraqlanıram. Amma ən birinci soruşuram ki, sənin neçə övladın var, neçəsi məktəbdə oxuyur? Çünki biz təhsil işçisiyik, mütləq o insanlara tövsiyəmiz olur. Deyirik savadlı uşağınızı gətirin, bizim məktəblərə verin, oxudun.
- Ənvər bəy, türk seriallarını, məsələn, “Möhtəşəm yüz il”i izləyirsinizmi?
- İşimizin çoxluğundan daimi izlədiyim serial yoxdur. “Möhtəşəm yüzil”ə ara-sıra baxıram. Ancaq orada tarixi reallıqlarla üst-üstə düşməyən məsələlər, tariximizi təhqir edən məqamlar var. Buna görə də Türkiyədə həddən artıq tənqid olunur. Bir cahan imperiyasını sanki sarayda oturmuş, zövqü-səfa sürən imperatorluq kimi göstərirlər. Hansı imperiya zövq-səfanın içində uzunömürlü olur? Ancaq “Fetih-1453"-ü çəkdilər, gerçəkdən harika bir film oldu. Osmanlı imperiyasının quruluşu ilə bağlı, Bursa fəth edilmədən öncəyədək çəkilən 22 bölümlü film çəkildi, səviyyəli filmdir.
Söhbətimizin sonunda Azərbaycan sevdalı Ənvər bəy ürək sözlərini bölüşdü: “Bir gün bu ölkədən ayrılası olsam deyərəm ki, yaşadım, amma mənə bəxş edilən zaman içərisində bunun haqqını verə bilmədim”. Möhtərəm Fətullah Gülənin bir sözü var. Yeri gəlmişkən, onun ümummilli liderimizlə çox yaxın münasibətləri vardı. 20 Yanvar hadisələrində bura gələn nümayəndə heyəti ona demişdi ki, burada qətliam oldu, geri dönəkmi? Cavabı belə olmuşdu ki, “Azərbaycanın öldüyü yerdə siz də ölün və dönməyin”. Həmçinin İzmirdəki toplantıda “Azərbaycan işğal olundu, qardaşlarımız yenə tanklar altında əzildi” deyincə kürsüdə dəqiqələrcə bayğın qalmışdı, onu ambulansla xəstəxanaya apardılar. Onun ərzurumlu olması Azərbaycana daha da yaxın olması anlamını verir. Bizə sözü bu oldu ki, siz azərbaycanlılara iki şey borclusunuz: bir, sizi ölkələrinə qəbul etdilər, iki, uşaqlarını sizə verdilər. Bu mənada bizim Azərbaycan xalqına böyük minnətdarlığımız var".
Elşad PAŞASOY

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır