“Rüşvət və tapşırıq ifadələri universitetimizə yaddır”
 
                    
Qafqaz Universitetinin rektoru Əhməd Saniç 
(türkçə: Ahmet Saniç) Publika.Az-a müsahibə verib. Həmin müsahibəni 
oxucuların diqqətinə çatdırırıq.
- Əhməd bəy, hər kəsə yaxşı bəllidir ki, Azərbaycanın özəl ali 
təhsil müəssisələri arasında Qafqaz Universiteti verdiyi təhsil 
keyfiyyətlərinə görə kifayət qədər seçilir və tanınır. Bunun sirrini 
necə izah edərdiz?
- Bilirsiniz ki, Qafqaz Universiteti Azərbaycanda 1993-ci ildə 
yaradılıb. Həqiqətən də Qafqaz Universiteti 1993-cü ildən bəri üzərinə 
düşən işi layiqincə yerinə yetirməyi bacardı. Biz indiyədək 
fəaliyyətimiz dövründə nə lazımdırsa etmişik. Hətta Aropanın aparıcı 
təhsil müəssisələri də bizimlə partnyor olmağa səy göstərirlər. Qafqaz 
Universitetinin fəaliyyəti dövründə minlərcə tələbəsi artıq məzun olub. 
1993-cü ildə fəaliyyətə başlayan universitetimiz bu il mühəndislik 
fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji 
fakültəsində 146 və magistratura pilləsində isə 100 tələbə olmaqla cəmi 
427 tələbəsini məzun verib. Hazırda həmin məzunlar dünyanın 57 ölkəsində
 müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Onların arasında təhsillərini
 davam etdirənlər də var.
Rüşvət və tapşırıq ifadələri unversitetimizə yaddır. Hətta bu 
ifadələri burada kimsə dilinə gətirməyə belə utanır. Burada tələbə üçün 
nə lazımdırsa, hamısını biz təmin etmişik və tələbədən istədyimiz təkcə 
təhsildir.
Qafqaz Universitetinin məzunları təkcə Azərbaycanda deyil, həmçinin
 Türkiyə və MDB ölkələrində də yüksək təhsilə yiyələnmələri ilə 
tanınırlar. Bunun bariz nümunəsidir ki, Qafqaz Universitetində təkcə 
Azərbaycandan deyil, eyni zamanda Türkiyə, MDB və dünyanın digər 
ölkələrindən tələbələr təhsil alırlar. Qafqaz Unversitetinin məzunları 
dövlətin bütün strukturlarında, o cümlədən özəl şirkətlərdə yüksək 
vəzifələrdə çalışırlar. Hətta indi Qafqaz Universitetinin məzunlarını 
işə götürən müxtəlif şirkətlər və qurumlar imtahansız işə qəbul edirlər.
 Hazırda Qafqaz Universitetinin məzunlarının cəmi 2-3 faizi işsizdir. 
Ona görə də Azərbaycanda ən yüksək bal toplayan gənclər Qafqaz 
Universitetini seçirlər. Hazırda Qafqaz Universitetində təhsil alanların
 dörddə biri 600-dən çox bal toplayan tələbələrdir və bu aşağı göstərici
 deyil.
Qafqaz Universitetinin təlim-tədris bazası da ən müassir 
formadadır. Hətta bizim tədris bazamız Türkiyənin aparıcı 
unversitetlərinin bazasından da mükəmməldir. Unversitetimizin tələbələri
 xaricdə də təcrübə keçirlər. Onlar ən müassir bacarıqlara yiyələnirlər.
 Əlbəttə ki, bütün bunlar bizi çox sevindirir və işimizə məsuliyyətimizi
 və sevgimizi daha da artırır. Artıq biz öz tələbələrimizi “Nobel 
mükafatı” almağa hazırlayırıq. Çünki, Qafqaz Universitetinin tələbələri 
daha da çox elm və təhsili öyrənməyin öhdəsindən gəlməyi bacarır. Hətta 
Qafqaz Universitetinə 300-400 balla qəbul olmuş tələbələr məzun olandan 
sonra ölkənin ən təcrübəli və bacarıqlı kadrlarına çevrilirlər.
Çox sevinirik ki, Azərbaycan dövlətinin və xalqının bizə olan 
etimadını doğrulda bilmişik. Biz bu etimada qarşılıq olaraq sədaqətlə və
 daha da inamla çalışmağı davam etdiririk.
- Qafqaz Universitetində distant təhsil sisteminin həyata keçirilməsinə nə vaxt başlanılacaq?
- Hazırda Qafqaz Universiteti distant təhsil də həyata keçirməyə 
tam hazırdır. Bunun üçün unversitetin həm tədris bazası, həm də texniki 
imkanları yaradılıb. Azərbaycanda distant təhsillə bağlı qanun qəbul 
edilən kimi Qafqaz Universiteti bu sahədə də fəaliyyətə başlayacaq.
Ümumiyyətlə isə, elə insanlar var ki, onlar aldıqları təhsildən və 
ya ixtisaslarından narazıdırlar. Yaxud da bəzi insanlar, xüsusilədə hər 
hansı işdə çalışan adamlar karyeralarını daha da zənginləşdirmək 
arzusundadırlar. Onların hər gün təhsil müəssislərinə getməyə vaxtları 
olmur. Belə olan təqdirdə, həmin insanların arzularının reallaşması üçün
 distant təhsil yeni imkanlar yaradır. Bu baxımdan da mən inkişaf etmiş 
ölkələrdə geniş yayılmış distant təhsilin olmasını çox yaxşı 
qiymətləndirirəm.
- Bütövlükdə, Azərbaycanda təhsilin səviyyəsini necə qiymətləndirərdiz?
- Azərbaycan hökuməti ölkədə təhsilin inkişafına son dərəcə böyük 
önəm verir. Təhsil naziri Misir Mərdanovun da dediyi kimi, Azərbaycanda 
10 il bundan əvvəl mövcud olan təhsil müəssisələri ilə indiki təhsil 
müəssisələri arasında fərq çox böyükdür. Mən Azərbaycana 2005-ci ildə 
gələn zaman Azərbaycanın təhsil sistemində hələ bolonya mövcud deyil 
idi. Amma artıq Azərbaycan təhsil sistemində də bolonyaya keçilib. Digər
 tərəfdən isə qeyd edə bilərəm ki, Azərbaycanda dövlət səviyyəsində 
təhsilin inkişafı üçün siyasət həyata keçirilir. Son illər Azərbaycan 
təhsilinin inkişafı da məhz buradan qaynaqlanır.
Həsən Həsənov