"Çağ" Öyrətim Şirkəti ötən dərs ilində fərqlənmiş şagird, müdavim və tələbələri mükafatlandırdı
Oktyabrın 20-də Qafqaz Universitetində "Çağ" Öyrətim 
      İşlətmələri Şirkətinin liseylərinin, "Araz" hazırlıq 
      kurslarının və Qafqaz Universitetinin ötən dərs ilində 
      respublika və beynəlxalq olimpiadalarında, 
      müsabiqələrində uğurlu nəticələr əldə etmiş, ali 
      məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış 
      şagird, müdavim və tələbələrinin mükafatlandırılması 
      mərasimi keçirildi.
      
      Ənənəvi olaraq "Yüksələn təhsilimizin bayraqdarı - 
      Azərbaycan məktəblisi" devizi altında keçirilən 
      "Təhsilimizin ulduzları" adlı mükafatlandırma 
      mərasimində müxtəlif dövlət və hökumət qurumlarının 
      rəsmiləri, Milli Məclisin deputatları, ölkənin bir sıra 
      orta və ali məktəblərindən nümayəndələr, valideynlər, iş 
      dünyası və KİV təmsilçiləri iştirak edirdilər.
      
      Mərasim açıq elan olunduqdan sonra ulu öndər Heydər 
      Əliyevin, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə 
      şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik 
      sükutla yad olundu, Azərbaycanın Dövlət himni 
      səsləndirildi. 
      
      Proqram bu yaxınlarda 20 illiyi qeyd olunacaq "Çağ" 
      Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətini 
      əks etdirən filmin nümayişi ilə başladı. Sonra Qafqaz 
      Universitetinin rektoru, professor Ahmet Saniç çıxış 
      edərək qonaqları və mərasimin digər iştirakçılarını 
      salamladı, onları "Çağ" Öyrətim Şirkətinin bir növ illik 
      hesabatı hesab olunan "Təhsilimizin ulduzları" 
      proqramında görməsindən məmnunluq duyduqlarını bildirdi. 
      Qeyd etdi ki, hər bir millətin gələcəyi olan təhsilə 
      ölkəmizdə böyük diqqət və qayğı göstərilir. Azərbaycan 
      Respublikasının Prezidenti cənab İlham Əliyevin 
      rəhbərliyi altında son illər ölkəmizdə təhsilin inkişafı 
      sahəsində mühüm işlər görülmüş, xeyli uğurlar əldə 
      olunmuşdur. Yeni tikilmiş və ya təmir olunaraq yenidən 
      qurulmuş, müasir texniki avadanlıqlarla təchiz olunmuş 
      modern məktəb binaları, məktəblərdə hər şagirdə düşən 
      kompüter sayının artması, ölkənin bütün ali 
      məktəblərinin Boloniya prosesinə qoşulması və kredit 
      sistemi ilə işləməsi, minlərlə tələbənin dövlət xətti 
      ilə xarici ölkə universitetlərində, on minlərlə 
      tələbənin isə dövlət sifarişi ilə Azərbaycanın ali 
      məktəblərində təqaüd alaraq oxuması təhsilə göstərilən 
      diqqət və qayğıya bariz nümunədir. Bütün bunlar həm də 
      qara qızılın insan kapitalına çevrilməsi ilə bağlı ölkə 
      başçısının məlum tezisinin uğurla həyata keçirilməsi 
      deməkdir.
      
      A.Saniç Türkiyə-Azərbaycan qardaşlığını daha da 
      möhkəmləndirmək və Azərbaycanın təhsil sisteminə yenilik 
      gətirmək məqsədi ilə Türkiyənin iş adamları tərəfindən 
      qurulmuş "Çağ" Öyrətim Şirkətinin ümummilli lider Heydər 
      Əliyevin göstərmiş olduğu etimada sədaqətlə 20 ildir ki, 
      Azərbaycana xidmət etdiyini diqqətə çatdırdı. Bildirdi 
      ki, şirkətin təhsil müəssisələrində təhsilini tamamlamış 
      şagird və tələbələr hazırda həm ölkə daxilində, həm də 
      xaricdə Azərbaycanın bir ulduz kimi parlaması üçün var 
      qüvvələri ilə çalışırlar.
      
      Rektor çıxışının sonunda "Təhsilimizin ulduzları" 
      növbəti ənənəvi mərasimində kimlərin 
      mükafatlandırılacağı haqqında məlumat verib, qonaqlara 
      dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi.
      
      Sonra respublika və beynəlxalq fənn olimpiadalarında, 
      müsabiqələrində, layihə yarışmalarında mükafata layiq 
      yerlər tutaraq medallar almış, orta təhsilini qızıl və 
      gümüş medallarla başa vurmuş, qəbul imtahanlarında 
      600-dən yüksək bal toplamış, Prezident təqaüdünə layiq 
      görülmüş şagird, müdavim və tələbələr qrup-qrup səhnəyə 
      dəvət olunaraq onlara mükafatlar təqdim olundu.
      
      Məlumat üçün bildirək ki, fənn olimpiadalarında I, II və 
      III yerləri tutanlar müvafiq olaraq 1000, 1500 və 2000, 
      qəbul imtahanlarında 600-dən yüksək bal toplayanlar isə 
      400, 600, 1000 və 3000 ABŞ dolları həcmində pul 
      mükafatları və sertifikatlarla mükafatlandırılmışlar.
      
      Fərqlənmiş şagird, müdavim və tələbələrə mükafatları 
      Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, 
      Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri 
      İsmayıl Alpər Coşqun, Milli Məclisin deputatları Kəmalə 
      Əliyeva, Etibar Hüseynov, Muxtar Babayev, "Çağ" Öyrətim 
      İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, 
      respublika kimya olimpiadası münsiflər heyətinin sədri, 
      AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, 
      respublika fizika olimpiadası münsiflər heyətinin sədri, 
      professor Mirzəli Murquzov, kənd təsərrüfatı nazirinin 
      müavini Bəhram Əliyev, Dövlət Miqrasiya Xidmətinin sədr 
      müavini Pərviz Musayev, Azərbaycan Turizm İnstitutunun 
      rektoru, professor Cəfər Cəfərov və başqaları təqdim 
      etdilər.
      
      Təqdimat mərasimində çıxış edən təhsil naziri Misir 
      Mərdanov iştirakçıları salamlayaraq 
      mükafatlandırılanları təbrik etdi. Tədbirdə sevincli 
      anlar yaşadıqlarını vurğulayan təhsil naziri bu sevincin 
      onlarda Azərbaycanın gələcəyi olan gəncləri təbrik 
      etməkdən, onlarla birbaşa tanışlıqdan, "Çağ" Öyrətim 
      Şirkətinin təhsil müəssisələrinin daha bir uğurunun 
      şahidi olduqlarından yana yarandığını bildirdi. Nazir 
      keçirilən tədbiri yüksək qiymətləndirib onun 
      təşkilatçılarına təşəkkür etdi.
      
      "Çağ" Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinə 
      toxunan Misir Mərdanov şirkətin ona ulu öndər Heydər 
      Əliyev tərəfindən verilmiş etimadı sədaqətlə 
      doğrultduğunu, ölkəmizdə fəaliyyət göstərdiyi 20 ildə 
      Azərbaycan təhsilinin inkişafına böyük töhfələr 
      verdiyini, təhsil sahəsində uğurlu islahatların həyata 
      keçirilməsində onun təhsil müəssisələrinin örnək rolu 
      oynadığını diqqətə çatdırdı və bütün bunlara görə 
      şirkətin əməkdaşlarına təşəkkür etdi.
      
      Azərbaycanın xalq yazıçısı  İlyas Əfəndiyevin 
      "Körpüsalanlar" əsərini xatırladan təhsil naziri "Çağ" 
      Öyrətim Şirkətinin əməkdaşları ilə Azərbaycan təhsil 
      işçilərinin 20 illik birgə fəaliyyətini onunla müqayisə 
      edərək həqiqətən 20 il ərzində bu insanların böyük 
      zəhməti və əzmkarlığı hesabına bir millət  iki dövlət 
      arasında uzun müddət sındırılmış körpünün təzədən bərpa 
      edildiyini bildirdi və gələcəkdə bu körpünün daha geniş 
      olacağına inamını ifadə etdi.
      
      Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper 
      Coşqun və Ənvər Özərən də çıxış edərək 
      mükafatlandırılanları təbrik etdilər.
      
      Mərasimdə habelə fərqlənmiş şagird, müdavim və 
      tələbələrin təhsil aldıqları tam orta məktəblərin 
      direktorlarına plaketlər təqdim olundu.
      
      "Tələbə baharı" festivalı və X Beynəlxalq Türk dili 
      müsabiqəsinin mahnı nominasiyası üzrə qalibləri olan 
      şagird və tələbələr öz çıxışları ilə mükafatlandırma 
      mərasimini daha da rövnəqləndirdilər.
      
      Sonda qaliblərlə xatirə şəkli çəkdirildi. 
      
      
      Yusif ƏLİYEV
