Müəllimlər Günü “Çağ” Öyrətim İşlətmələri şirkətinin bütün təhsil müəssisələrində geniş qeyd edildi.
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Çağ” Öyrətim İşlətmələri şirkətinin bütün təhsil müəssisələrində bu peşə bayramı geniş qeyd edildi. Bu münasibətlə keçirilən geniş bayram tədbirlərində təhsil ocaqlarının müdirləri, ictimaiyyətin nümayəndələri, ziyalılar və müəllimlər iştirak edirdilər. Onlar çıxış edərək 1966-cı ilin oktyabr ayının 5-dən başlayaraq keçirilən müəllimlərin peşə bayramı hazırda dünyanın yüzlərlə ölkəsində qeyd edildiyini xüsusi olaraq qeyd etdilər. Sonra, müəllim peşəsinin, müəllim adının ucalığından söhbət açaraq dedilər ki, hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl
peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə
müəllimə hörmətlə yanaşıblar. Müəllimlər şagirdlərin dərin və hərtərəfli
bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün
bütün bilik və bacarıqlarını sərf edirlər.
Daha sonra qeyd edildi ki. valideynlə bərabər, bəlkə də, ondan daha
çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə
kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli,
geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar
isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin
müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim
əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin
layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri
olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini
yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. Bu işi
möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. O, müəllimin,
məktəbin nüfuzunun artması, yüksəlməsi məqsədi ilə qəti addımlar atır.
Dövlət büdcəsinin xeyli hissəsi təhsilin inkişafına yönəldilir. Heydər
Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət
və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının
yaxşılaşdırılması qayğısına qalıb. O, deyirdi: “Mən yer üzündə
müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli
qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi,
hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə
öyrətmiş və öyrədir”.
Bayramınız mübarək, əziz müəllimlər!
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/662-muellimlr-guenue-muenasibti-il-bayram-tdbirlri-ddd.html