“Ağıllı lövhələr” Sumqayıtda da təqdim olundu
Sumqayıt Özəl Türk Liseyində (SÖTL) də
 yeni dərs ilindən tədris prosesində elektron lövhələrdən (onlara ağıllı
 “ağıllı lövhələr” də deyilir) istifadə olunur. Bununla əlaqədar SÖTL-də
 təqdimat mərasimi keçirilib.
Liseyin müdiri Ahmet Camalan bildirib ki, 
hazırda dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən liseylərdə 
texnologiyanin son nailiyyəti olan “ağıllı lövhələr”dən istifadə olunur:
 “Çağ” Öyrətim İşlətmələri Şirkəti də həmişə təhsil sistemindəki müasir 
texnoloji yenilikləri öyrənir və Azərbaycana gətirir. Bütün bu 
yeniliklər şagirdlərimizin daha savadlı olmalarına  yardım edir. Artıq 
yeni tədris ilindən liseyimizin bütün sinif otaqlarında və 
laboratoriyalarında “ağıllı lövhələr” yerləşdirilib”. Onun sözlərinə 
görə, interaktiv lövhənin üstündə xüsusi elektron qələmlə yazmaq olur. 
Lövhə slaydları göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real 
vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə və onları kompyuter 
faylları qismində redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap 
etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir.
Daha sonra müəllimlərin də iştirakı ilə “ağıllı lövhələr”in önəmindən
 danışan Ahmet bəy gənc nəslin bilik ehtiyaclarını köhnə metodlarla 
qarşılamağın çətinliyini vurğulayıb. O daha sonra deyib: “Bu lövhələr 
şagirdlərin daha yüksək şəkildə təhsil almaları və tam müasir biliklərə 
yiyələnmələri üçün çox vacib bir vasitədir. Hər hansı bir məlumat bu 
elektron lövhələrdə anındaca görünür. Bununla da vaxt itkisinin qarşısı 
alınır. Digər tərəfdən, bu lövhələr şagirdlərin dərsləri mənimsəmək 
effektivliyini qat-qat artırır, dərs daha maraqlı formada keçir. 
Şagirdlər, demək olar ki, yorulmurlar. Onu da deyim ki, şagirdlər 
müəyyən səbəbdən iştirak edə bilmədikləri dərsin elektron variantı ilə 
sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı 
tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər”.
