Yeni nazir direktorların gözünün odunu alıb - təlimlərdə iştirak etmək istəyənlər azdır
Direktor təlimləri ilə bağlı həm Qafqaz Universiteti, həm Təhsil Nazirliyinə bu günədək müraciət edənlərin sayı məlumdur. Belə ki, Universitetin elektron poçt ünvanına 12, nazirliyə isə 26 nəfər müraciət edib. Bunu Modern.az-a hər iki qurumdan verilən məlumatda təsdiqləyiblər.
Qeyd edək ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək. İlkin mərhələdə yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək təlimlərin müddəti 3 ay (21 yanvar-21 aprel) tarixlərini əhatə edir.
Qafqaz Universitetində bu layihəyə rəhbərlik edən İsa Dağın sözlərinə görə, müraciətlərin sayında məhdudiyyət yoxdur: “İstənilən qədər ola bilər. Seçim 3 mərhələdə olacaq. Birinci mərhələ müraciətlərə əsasən keçiləcək. İkinci mərhələdə iddialılar yazılı imtahan veriləcəklər. Son mərhələdə isə onlarla müsahibə aparılacaq. Hər 3 mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur”.
Xatırladaq ki, qeydiyyat dekabrın 15-nə kimi davam edəcək. Namizədlər ərizə formalarını telim@edu.gov.az və telim@qu.edu.az ünvanlarına göndərə bilərlər.
Bu arada Təhsil Nazirliyi bir sıra orta məktəblərdə maliyyə yoxlamaları keçirilir. Artıq bəzi paytaxt orta məktəblərində ciddi qanun pozuntularının aşkarlanması faktları qeydə alınıb. Maraqlı məqamlardan biri də budur ki, Bakıda məktəb direktorları ilə bağlı təlimlərdə iştiraka maraq xeyli aşağıdır. Köhnə direktor korpusunda bu maraqsızlığın əsas səbəbi yeni təhsil nazirinin yürütdüyü kadr siyasətidir.
Bununla bərabər, ötən illərdə Təhsil Nazirliyinin xətti ilə tikilən orta məktəblərin inşası zamanı maliyyə fırıldaqlarının araşdırılması prosesi gedir.