ACM International Collegiate Programming Contest (ICPC) IBM şirkəti tərəfindən maliyyələşdirilən, ACM tərəfindən təşkil olunan və mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə çoxpilləli müsabiqədir. Bu barədə qəzetimizə Qafqaz Universitetindən məlumat verilib. Bu müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir. Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar ACM-ICPC Dünya finalında iştirak etmək hüququ əldə edir. Bu müsabiqədə iştirakçıların sayı 6 qitədən 90-dan artıq ölkənin 2300-ə yaxın universitetindən olan kompyuter elmləri sahəsində minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artmaqdadır.
Müsabiqə əsasən 3 mərhələdə aparılır. Birinci mərhələ - 1/4 final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi müxtəlif regionlarda keçirilir. Final mərhələsi isə konkret bir ölkədə keçirilir.
Müsabiqə yaradıcılığa, qrup fəaliyyətinə və yeni proqramların hazırlanmasında innovasiyalara səbəb olur, həmçinin tələbələrə təzyiq altında öz qabiliyyətlərini nümayiş etdirmələrinə kömək edir. Başqa sözlə, bu dünyada proqramlaşdırma üzrə ən möhtəşəm, 38 illik tarixçəsi olan bir müsabiqədir.
Azərbaycan komandaları bu müsabiqələrdə 2005-ci ildən başlayaraq mütəmadi olaraq iştirak edir. İndiyə qədər Azərbaycanı Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil ediblər.
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, İRƏLİ İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (IX Azərbaycan Çempionluğu) 03 noyabr 2013-cü il tarixində Qafqaz Universitetində keçirilib. Müsabiqədə 11 universitetdən, o cümlədən: Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Azərbaycan Universitetindən ümumilikdə 48 komanda (hər komandada 3 tələbə) iştirak etdi.
Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verilib. Qiymətləndirmə e-olimp.com.ua/az saytında avtomatik test sistemi ilə aparılıb.
Qafqaz Universitetinin Baku Qafqaz U 3 komandası I, Baku Qafqaz U 2 komandası II, Moskva Dövlət Universitetinin Bakı filialının BakuMSU1 komandası III yerə layiq görülmüş, Baku Qafqaz U 1, Baku Qafqaz U 7 komandaları II dərəcəli diplomlarla, Baku Qafqaz U 4, BSU6, Baku MSU2, Baku Qafqaz U 11, Baku SU-1, Baku Qafqaz U 6 komandaları isə III dərəcəli diplomlarla təltif ediliblər.
Müsabiqənin nəticələrinə əsasən 10 komanda 30 noyabr - 1 dekabr 2013-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanıb.
İlkin
http://www.qu.edu.az/az/news/Universitetl%C9%99rin-inki%C5%9Faf%C4%B1nda-Elmi-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-%C3%B6n%C9%99mlidir-4137.html