Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisi keçirilir. Sərgidə Türkiyədə yaşayan həmyerlimiz, xəttat Gülhan Beydemirin əsərləri nümayiş olunur.
FaktXəbər-in məlumatına görə, Bakı Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev qonaqları salamlayaraq, sərginin Seyid Yəhya Şirvaninin (Bakuvi) vəfatının 550 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsindən olduğunu vurğulayıb. O belə bir sərginin məhz Seyid Yəhya Şirvaninin Şirvanşahlar sarayındakı türbəsinin yaxınlığında, İçərişəhərdə keçirilməsinin də təsadüf olmadığını deyib.
Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin yorulmaz tədqiqatçısı dosent Mehmet Rıhtım UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinin qeyd olunmasını, Bakuvi irsinə diqqətin artmasını əlamətdar hal kimi qiymətləndirdiyini deyib. Alim azərbaycanlı xəttat Gülhan Beydemirin öz işinin mahir ustası adlandırıb və sərgidə nümayiş olunan ərəb əlifbası ilə yazılmış əsərlərin bəzisini izləyicilər üçün səsləndirib. M.Rıhtım qeyd edib ki, Gülhan Beydemirin xəttatlıq əsərləri burada nümayiş olunandan qat-qat çoxdur və xəttatın Bakının Qala kəndindəki evində saxlanılır. G.Beydemir elə həmin evdəcə xəttatlıq işlərinin muzeyini yaratmaq arzusundadır. M.Rıhtım müvafiq qurumların bu işdə G.Beydemirə dəstək olacaqlarına ümid etdiyini dilə gətirib.
Fəlsəfə doktoru Firudin Qurbansoy ərəb əlifbasının dünyanın bütün əlifbalarından öz gözəlliyi ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, xəttatlıq sənətini yaşadan həm də Gülhan Beydemir kimi usta sənətkarların məharətidir. Xəttat Gülhan Beydemir sərgi ziyarətçilərinə təşəkkürünü bildirərək, öz sözünü əsərlərində dediyini bildirib və tamaşaçıları əsərləri ilə tanış edib.
Sərgini təşkil edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məlumat verib ki, sərgi MİRAS İB ilə yanaşı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
Sərgidə xəttatın “Ya Həzrəti Piri-sani Seyid Cəmaləddin Yəhya əş-Şirvani əl-Bakuvi”, “Yəhya Şirvani “, “Xəlvətiyyə silsiləsi”, “Seyid Cəmaləddin Şirvani”, “Şeyx Nizami Gəncəvi”, “Səmazən”, “Məhəmməd Füzuli” və başqa əsərləri nümayiş olunur.
Sərgi 25-26 noyabr 2013-cü ildə Bakıda Qafqaz Universitetində keçiriləcək Beynəlxalq Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu günlərində də davam edəcək.
|