“Üzümüzə gələn 5 ildə Azərbaycan İKT sahəsində xeyli uğur əldə edəcək”


Cavid Əliyev: “Koreyalı tələbələr Azərbaycanla yaxından maraqlanırlar”
Azərbaycanın xaricdə təhsil alan istedadlı və bacarıqlı gənclərinin fəaliyyətləri barədə oxucularımıza məqalələr təqdim etməkdə davam edirik. Belə aktiv gənclərdən biri də adı birincilər sırasında çəkilən Cavid Əliyevdir. O, hazırda Cənubi Koreyanın bir nömrəli universitetində təhsil alır. Cavid Əliyevin “Palitra”ya müsahibəsini təqdim edirik.


 Bildiyim qədəriylə xaricdə təhsil alan öncül tələbələrimizdənsən. Özün haqqında ətraflı məlumat verərdin…
 Mən 1996-cı ildə Sumqayıt şəhərində “Təfəkkür” litseyinə qəbul olmuşam. 2002-ci ildə imtahan verərək Sumqayıt Özəl Türk Liseyinə qəbul oldum və 2007-ci ildə oranın məzunu oldum. Daha sonra qəbul imtahanında 606 bal toplayaraq Qafqaz Universitetinin Kompyuter mühəndisliyi fakültəsinə qəbul olmuşam. 2009-cu ilədək orada təhsilimi yüksək nəticələrlə davam etdirdim. Hazırda isə KAİST-in, yəni Koreya Yüksək Elm və Texnologiya Universitetinin Elektrik elektronika fakültəsinin tələbəsiyəm.
- Bəs necə oldu ki, səndə xaricdə təhsilini davam etdirmək ideyası yarandı?
- Öncə onu deyim ki, dünya ölkələri hazırda inanılmaz sürətlə dəyişir. Dünya coğrafiyasına nəzər saldıqda isə Azərbaycan inkişafda olan ölkələr siyahısında özünəməxsus ritmlə irəliləməkdədir. Bir toplumu irəli aparacaq, onu dünya toplumları arasında iz qoymağa, ad qazanmağa səbəb olacaq bir cox faktorlar var ki, bunlardan biri də məhz elm və texnologiyadır. Nəzərə alsaq ki, müasir dünyada baş verən texnoloji dəyişikliklər və irəliləyişlərə ölkəmizdə də güclü ehtiyac yaranıb, xüsusi gənc kadrların yetişdirilməsi də bu işdə əsas rol oynayır. Əlbəttə ki, bunlar müəyyən zaman tələb edən məqamlardır. Bu yenilikləri Azərbaycanda da geniş şəkildə tətbiq etməyin tək yolu əcnəbilərdən yararlanmaqdan deyil, inkişaf etmiş xarici ölkələrdə təhsil alaraq lazımi biliklərə yiyələnən gənclərimizdən keçir. Məhz mən də bu amili özümdə rəhbər tutaraq qarşıma məqsəd qoydum ki, xaricdə təhsil alıb müəyyən biliklərə yiyələnib ölkəmizə bu sahədə xeyir verəcəm. Qısası, bu səbəbdən Azərbaycanın hüdudlarından kənarda təhsil almağı bu səbəbdən hədəf seçdim.
- Xaricdə təhsilini davam etdirmək qərarını verəndən sonra daha çox dəstək haradan gəldi?
- Elm, oxumaq, öyrənmək və s. bu qəbildən olan sözlər və fikirlərə İslamın bizə verdiyi nümunələrdə, hədisi-şəriflərdə çox tez-tez rastlanır. "Beşikdən qəbrə qədər öyrənin", "Elm Çində olsa belə, arxasınca gedin" deyən peyğəmbərimizin(s) dinindəniksə, buna da əməl etməliyik. Bu gün məni sevən və mənim uğurlarıma sevinən insanlarla əhatələndiyim üçün çox sevinirəm. Belə ki, mənim bu ideya ağlıma gələndən sonra dəstək olub uğurumu öz uğuru kimi görən xeyli yaxınım oldu və dəstək də onlardan gəldi. Elm öyrənmək adına atdığım hər bir addımımda ailəm yanımda birinci oldu və əvəzolunmaz dəstəkçim olmaqda davam edirlər. Təbii ki dövlətimizin də bu işdə dəstəyi alqışlanası haldır. Elm öyrənmək üçün çaba göstərən hər bir gənc üçün maddi ehtiyaclarını qarşılamaqda dövlətimiz nə dərəcə əhəmiyyətli olduğunu dəfələrlə sübut edib.
- Niyə məhz çətin dilə malik olan Cənubi Koreyanı seçdin?
- Bir çox gənclərimizin "Look West" deyərək qərbyönümlü maraqlarını gördükdə öz-özlüyümdə fərqli qərar verməyi düşündüm. Yəni mən də tələbələrin dili ilə desək, "Look East" deyib Şərqi bir növ analiz etməyə başladım. Bu əlbəttə ki, uzun zaman aldı, amma sonda öz bəhrəsini lazımi şəkildə verdi.
Aydın məsələdir ki, Uzaq Şərq ölkələri dedikdə, ağla ilk olaraq Yaponiya, Koreya və Çin üçlüyü gəlir. Bunların ayrı-ayrılıqda inkişaf yolundan bəhs etsək, məncə saysız kitablar yazmaq lazım gələr. Amma qısaca desəm, Cənubi Koreya 50-ci illərin əvvəllərində aclıqdan əziyyət çəkən, hətta bir çox hallarda ağac budaqları ilə qida ehtiyaclarını qarşılayan bir ölkə olduğu halda, indi dünyanın ən böyük elektronika şirkəti olan - “Samsunq”un vətəninə çevrilib. Təəccüblü deyil ki, Cənubi Koreya hazırda dünyanın 28 ən inkişaf etmiş ölkəsi sırasında yer tutur. Bundan əlavə onu “LG”, “Hyunday”, “KIA”, “SSANGYONG”, “DAELIM”, “DAEWOO” və s. kimi dünyaca məşhur brendləri olan ölkə kimi də xarakterizə etmək olar. Müasir Avropa tarixinə ümumi nəzər salsaq görərik ki, onlar mövcud inkişaflarını 200-300 illə çaba sərf edərək qazandıqları halda, Cənubi Koreya üçün bu, sadəcə 45-50 il çəkdi. Qısası, belə bir heyrətamiz inkişaf yolu olan ölkədən və onun təcrübəsindən faydalanmağı çox adam istərdi. Orada təhsil almaq isə çoxunun arzusudur və mən bu arzumu reallaşdıra bildim. 
Sadaladığım maraq doğuran bütün bu amillər məni məhz Koreya torpağına qonaq etdi.
- Koreyada azərbaycanlı tələbələrin təşkilatlanma işləri nə yerdədir?
- Ümumi baxdıqda bu ölkədə sayımız o qədər də çox deyil. Bir çox gənclərimiz qrup halında Azərbaycan gecələri təşkil edir, tarixdən, ənənələrimizdən başlayaraq milli mətbəximizə qədər Koreya insanında təsəvvür yaradıb xoş təəssüratlar oyadır. Konkret olaraq özümün fəaliyyətimə gəldikdə isə hər zaman müxtəlif yerli və ya beynəlxalq səviyyəli elmi, digər ictimai konfrans, tədbir, simfoziumlarda muğamlarımızın nə qədər zəngin çalarlara malik olmasını, unikallıgını tərənnüm edirəm. Əbəs deyil ki, dünyanın 21-ci, Koreyanın isə 1 nömrəli universiteti olan KAİST-də tarımızı, xalq mahnımız olan “Sarı gəlin”i artıq tanımayan qalmayıb. Koreyalı tələbələr artıq Azərbaycanla yaxından maraqlanırlar. Həqiqətən də bundan böyük qürur hissi keçirirəm. Bu özü bir nailiyyət sayıla bilər.
Bundan başqa həm səfirliyin əməkdaşları, həm də fərdi şəkildə qatıldığım hər bir tədbirlərdə əsas qayəmiz vətənimizi layiqincə təqdim edib təbliğat aparmaqdır. Bu artıq bizim üçün bir nömrəli vəzifəyə çevrilib. Mən deyərdim ki, Azərbaycandan kənarda yaşayan hər bir soydaşımız vətən üçün gücü çatdığı qədər işlər görməlidir, ancaq öz fəaliyyətini düşünməməlidir.
-Dövlətin gənclər siyasətini necə dəyərləndirirsən?
- Şüarı “Neft kapitalını insan kapitalına çevirək” olan siyasəti kim bəyənməz ki? Üstəgəl, belə bir siyasətin içində gənclərə xüsusi önəm verilə. Bu təqdirəlayiqdir. Bu gün Azərbaycan hüdudlarından kənarda yüksək reytinqli universitetlərdə təhsil alan minlərlə gənclərimiz var. Bu artıq öz-özlüyündə sağlam və dayanıqlı gələcəyin təminatı deməkdir. Bu cür möhtəşəm siyasəti ancaq yüksək dəyərləndirmək olar. Bildiyimə görə, bu siyasətin və proqramın tətbiqində təkcə xaricdə təhsil alan gənclər deyil, ölkə daxilində olan gənclərin məşğulluq problemləri, onların sosial rifahının yaxşılaşdırılması, gənc sahibkarların inkişafının dəstəklənməsinə dair bəndlər də mövcuddur. Bütün bunlara, Azərbaycan gənclərinin güclü olmasına və onların bu potensialından dövlət quruculuğunun inkişafında istifadə olunmasına tam səmimiyyətimlə inanıram.
- Təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb fəaliyyətini burada davam etdirəcəksənmi?
- Prezident İlham Əliyev çıxışlarının birində ölkə hüdudlarından kənarda təhsil alıb diplom qazanan və ölkəyə üz tutan gənclərimiz barədə gözəl bir fikir səsləndirmişdi ki, “Bizə kağız parçası yox, elmin ən son naliyyətlərinə yiyələnmiş gənclər lazımdır”. Əlbəttə ki, geri dönəndə istər komanda halında, istərsə də fərdi şəkildə nələrisə etməyə malik bir potensialımız olmalıdır. 
Mənim planlarım da bu istiqamətdədir. Hədəfim Azərbaycana geri döndükdən sonra, yalnız perspektivli ixtisasıma uyğun iş tapmaq deyil, həm də Azərbaycanımızı daha da irəlilərə aparacaq bir iş qurmaqdır. İnşallah, bu işdə müvəffəqiyyətlər qazanacağıma əminəm.
- Öyrəndiyin sahə üzrə Azərbaycan son illərdə xeyli irəli gedərək inkişaf edib. Gələcəyin perspektivli kadrı kimi bu barədə düşüncələrini bilmək istərdik…
- Texnika və ümumilikdə texnologiya qədər dünyada sürətli inkişaf edən ikinci bir sahə yoxdur. Təbii haldır ki, Azərbaycan da bu müasir dəyişikliklər və inkişafla ayaqlaşmağa çalışır. Əvvəlki illərlə müqayisədə daha qənaətbəxş nəticələr göstəririk. Amma həqiqəti etiraf etməyə qalsa, deyərdim ki, texnologiyanın dünya üzrə inkişafı, Azərbaycanın texnologiya üzrə inkişafından daha çox sürətlidir. Məncə, biz bu sahədə tempi daha da artırmalıyıq. Ümid edirəm ki, üzümüzə gələn 5 il ərzində Azərbaycanın informasiya texnologiyaları istiqamətində xeyli irəliləyişləri olacaq. Qeyd etmək istərdim ki, dahi azərbaycanlı alim, Berkley Universitetinin professoru, canlı əfsanəmiz Lütfi Zadə ilə ünsiyyət imkanına malik olmuşam. Onunla keçən diskussiyalarımızın birində bu mövzuya toxunduq. Lütfi Zadə gələcəyə çox ümidlə baxır və çox istəyir ki, azərbaycanlı gənclər sadəcə ölkədə fəaliyyət göstərməklə kifayətlənməsin, dünyaca ünlü şirkətlərdə çalışıb burada mövqe qazana bilsinlər. Belədə Azərbaycanı da dünya arenasına daşımaqda yardımçı olarlar.

http://palitranews.az/news.php?id=14725
Tural Tağıyev

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF