"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib

"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib

Bu gün Qafqaz Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı keçirilib.


Trend-in məlumatına görə, tədbirin təşkilatçılarından olan Qafqaz Universitetinin rektoru Əhməd Sanıc açılış mərasimində çıxış edərkən bildirib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan ədib, romantizim ədəbi cərəyanın banisidir. Azərbaycanda fəlsəfi ədəbiyyatın da böyük yaradıcılarından biri olan H.Cavid Türkiyədə təhsil alıb. Sibirə sürgün edilən və orada da dəfn edilən Cavidin nəşi 51 il sonra doğulduğu Naxçıvan torpağına gətirilib.
Daha sonra tədbirdə H.Cavidin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Filmdən sonra çıxış edən filologiya elmləri doktoru, professor, Cavidşünas alim Kamran Əliyev qeyd edib ki, bu kitab çoxdan nəşr edilməli idi. Onun sözlərinə görə, yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur. Bu nəşr Hüseyn Cavidin yenidən doğuluşudur: "H.Cavid yalnız özü üçün yaşamayıb. O, bütün xalq, millət üçün yaşayıb. Bu gün çox böyük qürurla deyirik ki, H.Cavid həmişəyaşar yazıçıdır. H.Cavidin zamanı məhdud deyil. Onun əsərlərinin zamanı 1 ay, 1 il deyil. H.Cavid müraciət etdiyi dövr birbaşa türkcülüyün başlanma dövrüdür".
K.Əliyev qeyd edib ki, H.Cavidin məkanı bütün dünyadır. Onun məkanı şimaldan cənuba, şərqdən qərbə doğru uzanır: "Cavid Nizami Gəncəvi ideyalarını yenidən doğurdu və yenidən ədəbiyyata gətirdi. Nizami kimi Hüseyn Cavid də öz yaradıcılığında ideyalara söykəndi".
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin rəhbəri, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva isə Cavidi minilliklərin yazarı adlandırıb. H.Cavidin bundan sonra növbəti minilliklərin də yazarı olacağını vurğulayan S.Vəliyeva qeyd edib ki, belə sənətkarlar el üçün deyil, bəşəriyyət üçün doğulurlar. Bəşəriyyət üçün doğulanların yaradıcılığı isə həmişə öyrənilməlidir: "Cavid taleyində xüsusi missiyası olan insan kimi düyaya gəlib. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Hüseyn Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı".

S.Vəliyeva qeyd edib ki, H.Cavid Türkiyədən əvvəl Urmiya vilayətinə gedib. Orada Şərq ədəbiyyatını, Quranın təfsirini öyrənib: "O, axtardığı ən böyük suala cavab tapmaq üçün Türkiyəyə getməli idi. Burada 2 il universitetə hazırlaşandan sonra indiki İstanbul Universitetinə qəbul olundu, türkçülük fəlsəfəsini öyrəndi".
Layihə rəhbəri qeyd edib ki, Cavid türkcülük ideyasını daha da yüksəldən ideoloq idi. Onun ən böyük ideyaları kiçik bir şeirində - "Gülbahar"da öz əksini tapıb.
S.Vəliyevanın fikrincə, türkçülüyün fəlsəfəsini yığcam şəkildə, bütövlükdə əsaslandıra bilən ikinci belə bir şeir yoxdur.
S.Vəliyeva qeyd edib ki, Hüseyn Cavid məfkurəsi əbədidir. Cünki o, millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas qoydu: "Çünki Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır".

Mod.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF