Musiqi dünyamız
Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə “Musiqi dünyamız” mövzusunda silsilə seminarların keçirilməsinə start verildi. Noyabrın 22-də tanınmış musiqiçi Vüqar Camalzadənin iştirakı ilə silsilənin ilk seminarı keçirildi.
Bəstəkar, kino bəstəkarı, musiqi tərtibatçısı, səs rejissoru, aranjımançı və aktyor kimi fəaliyyət göstərən Vüqar Camalzadənin həyat və fəaliyyəti ilə tanışlıqdan sonra musiqi dünyamıza qısa bir ekskurs edildi. Bələdçi Vüqar Camalzadə dünya musiqi tarixinə nəzər salmaqla yanaşı milli musiqimizin kökləri haqqında da ətraflı məlumat verdi. Dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşan milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimizin xüsusi qayğı ilə qorunub saxlanılmasına toxunuldu. Keçmişin klassik musiqi sərvəti olan muğamların milli musiqi mədəniyyətinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi, xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irs kimi inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşadığı vurğulandı.
İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Vüqar Camalzadənin çıxışını davam etdirərək Azərbaycan muğamın klassik Amerikan caz musiqisi ilə sintezindən maraqlı söhbət açdı. O, bəstəkar, pianoçu, caz-muğamın banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadəni yeni caz fikrinin təsisçisi və Azərbaycan Muğam Caz Hərəkatının memarı olaraq təqdim etdi.
Seminar iştirakçılarının maraqlı suallarını dolğun cavablandırıldı. Silsilə seminarın növbəti mərhələsinin dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyova həsr olunacağı vəd edildi. Silsilə seminarin ilk məşğələsi Vüqar Camalzadəyə xatirə plaketinin təqdimatı və xatirə fotolarının çəkilməsi ilə yekunlaşdı.
Mədəniyyət şöbə müdirliyi