Qafqaz Universitetinin Müəllimi Dos. Altay İsmayılov Varşavada Seminar Verdi
Qafqaz Universiteti Dünya İqtisadiyyatı Kafedrasının müdiri Dos. Altay İsmayılov keçən həftə Varşavada (Warsaw University of Life Sciences-SGGW) seminar verdi. Seminarın mövzusu "Müstəqillikdən sonra Azərbaycan İqtisadiyyatının İnkişaf İstiqamətləri və Reallıqlar - Mümkün Olan Birgə Tədqiqat Layihələri" kontekstində idi. Seminar iştirakçıları əsasən İqtisadiyyat və İqtisadi Siyasət kafedrasının müəllim-professor heyətindən olmaqla, eyni zamanda İqtisadiyyat fakultəsinin doktorantura tələbələrindən ibarət idi. Seminarı giriş sözü ilə açan İqtisadiyyat və İqtisadi Siyasət Kafedrasının müdiri Prof.Alina Danilowska öncə məruzəçi haqqında məlumat verdikdən sonra, kafedra əməkdaşlarını birgə tədqiqat layihələrində iştirak etməyə çağırdı.
Daha sonra seminara başlayan Dos. Altay Ismayılov ilk öncə Azərbaycanın müstəqillikdən sonra ilk illərdəki ağır sosial-iqtisadi durumundan danışdı. Məruzəçi sonrakı illərdə əldə edilən iqtisadi və siyasi stabillik, bağlanan beynəlxalq müqavilələr və ölkə iqtisadiyyatına daxil olan neft gəlirləri ilə makro-iqtisadi göstəricilərdə geydə alınan müsbət dinamikaya seminar iştirakçılarının diqqətini çəkərək bir sıra iqtisadi göstəriciləri onlarla bölüşdü. Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində aparılan reformları, sürətli iqtisadi artım dinamikasını, yüksələn rifah halını, sosial göstəricilərdəki artımı vurğulayan məruzəçi daha sonra iqtisadiyyatın hal hazırda qarşı qarşıya olduğu reallıqlardan danışdı. Belə ki, ölkədə makro-iqtisadi sahədə diversifikasiya məsələlərinin əhəmiyyətinə, xüsusilə qeyri-neft sektorunun inkişafının əsas prioritet olaraq qəbul edildiyinə diqqət çəkdi. Seminarın ikinci hissəsi verilən suallar çərçivəsində ortaya goyulan məsələlərin müzakirə edilməsi istiqamətində davam etdi. Bu hissədə Avropa Birliyinin üzvü olaraq Polşanın qeyd edilən istiqamətlərdəki real durumu və bu istiqamətdə Azərbaycan iqtisadiyyatı ilə müqayisəsi, birgə tədqiqata ehtiyaç zərurəti olan sahələrin təsbiti kimi məsələlər müzakirə olundu. Məruzəçi Avropa Birliyinə üzv olan Polşa təcrübəsinin Azərbaycanın Avropa məkanına iqtisadi inteqrasiyasında öyrənilməsinin faydalı olabiləcəyini qeyd edərək əməkdaşları birgə tədqiqata dəvət etdi. Müzakirələr zamanı qərar verildi ki iqtisadiyyatın diversifikasiyası istiqamətində Polşanın kənd təsərüfatındakı durumu ilkin tədqiqat mövzularından biri kimi müəyyənləşdirilsin.Qeyd edək ki, Qafqaz Universiteti Dünya İqtisadiyyatı kafedrasının müdiri Dos.Altay İsmayilov Erasmus Mundus Alrakis II qrant layihəsi çərçivəsində 1 ay boyunca Warsaw University of Life Sciences-da elmi fəaliyyətini davam etdirəcək.