Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik” mövzusunda beynəlxalq simpozium keçirilir
Bakıda Beynəlxalq Muğam Mərkəzində "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən qonaqlar, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar.
Simpozium "Əbədi işığın abidəsi - Şamaxı Cümə məscidi" adlı filmin nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür paşazadə qeyd edib ki, Seyid Yəhya Bakuvinin fikirləri ilə hələ ötən əsrdə - 1985-ci ildən etibaren akademik Ziya Bünyadovun köməyi ilə tanış olmağa başlayıb.
"Sevinirəm ki, S.Y.Bakuvi kimi şəxsiyyətlərin tarixini dirçəldə bilirik", - deyən QMİ sədri bildirib ki, bu iş S.Y.Bakuvi ilə tamamlanmayacaq.
A.Paşazadə Azərbaycanın dünyaca məşhur alim və şəxsiyyətlərinin tanıdılması baxımından DQİDK-nın gördüyü işləri təqdir edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az