Beynəlxalq Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu keçiriləcək
Məmmədsan Həsənov/AZADİNFORM. 2013-cü ilin UNESCO tərəfindən böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin 550-ci ildönümünə həsr edilməsi münasibəti ilə il boyunca keçirilən silsilə tədbirlərdən ən önəmlisi bu yaxınlarda baş tutacaq.
AZADİNFORM xəbər verir ki, Ardahan Universitetinin başçılıq etdiyi Kafkasya Üniversiteler Birliği və Azərbaycan Qafqaz Universitetinin əməkdaşlığı ilə noyabrın 21-22-də Türkiyədə Əskişəhərədə, 24-25 noyabr tarixlərində isə Bakıda “Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu” keçiriləcək. Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılacaq. Tədbirdə ABŞ, Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaqla dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcək. Əskişəhərdə 21 noyabr tarixindən başlayacaq proqramda iclaslar təşkil ediləcək. Seyid Yəhya Şirvani və Xəlvətiliyin bir çox yönü ilə ələ alınacağı proqramda tarixi, mədəni, ictimai və ədəbi ölçülərilə bir-birindən zəngin məruzələr təqdim ediləcək. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan İslam incisi” fotoşəkil sərgisi keçiriləcək. Qeyd edək ki, simpoziumun əsas məqsədi illərdir siyasət və elm adamlarının Azərbaycan, Türkiyə, İran, Afrika, Balkan ölkələri, Orta Asiya və Avropa ölkələri arasında qurmaq istədiyi körpülərin illər öncə qurulmuş olduğunu orta çıxarmaq və bu əlaqələrin genişləndirilməsinə səy göstərməkdir.
http://www.azadinform.az/news/a-58113.html