Türkiyədə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq simpozium keçirilir
Noyabrın 21-də Türkiyədə "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitənin Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Əskişəhər Valiliyi, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpozium bu il Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Əskişəhərdəki Osman Qazi Universitetində baş tutub.
Simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən 300-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar. Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş "Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi" filmi ilə başlayıb.
Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" sözlərini xatırladaraq son 200 ildə Azərbaycanla Türkiyənin bir-birilərinə indiki qədər yaxın olmadığını, bu gün iki qardaş ölkənin daha da yaxınlaşması üçün böyük tarixi şans yarandığını bildirib.
Azərbaycan xalqının Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirdiyini deyən Dövlət Komitəsinin rəsmisi bildirib ki, təkcə 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 20-dan artıq məscid tikilib və ya əsaslı bərpa olunub. Hazırda bu proses uğurla davam etdirilir.
G.İsmayılov xatırladıb ki, ötən ay Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. "Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi" adlanan simpozium Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin "Bakuvi ili" elan edilməsi ilə əlaqədar Dövlət Komitəsinin keçirdiyi 30-dan artıq silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarıb.
Qeyd edək ki, silsilə tədbirlərin yekunu olaraq 24-25 noyabrda Bakıda "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" adlı beynəlxalq simpozium keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az