Təhsil Nazirliyi: 547 nəfər məktəb direktoru olmaq istəyini bildirib
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlərin keçirilməsi ilə bağlı həm Qafqaz Universiteti, həm Təhsil Nazirliyinə bu günədək müraciət edənlərin sayı açıqlanıb. Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, müsabiqənin I mərhələsində 547 nəfər pedaqoji kadr qeydiyyatdan keçib. Üç mərhələdə keçiriləcək müsabiqənin birinci mərhələsi artıq yekunlaşıb.
Müsabiqənin I mərhələsi – ilkin olaraq elektron ərizələrin qəbulu prosesi başa çatıb. Növbəti mərhələyə 220 nəfər pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi yanvar ayının sonunda yekunlaşacaq.
Qeyd edək ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək. İlkin mərhələdə yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək təlimlərin müddəti 3 ay (21 yanvar-21 aprel) tarixlərini əhatə edir.