30.11.2013 Beynəlxalq elmi konfrans
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə beynəlxalq səviyyədə tanınmış alimlər, təcrübəli mütəxəssislər iştirak edirlər.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə tədbiri açaraq konfransın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, müstəqillik illərində insan hüquq və azadlıqlarının qanunvericilikdə təsbiti, müdafiəsi və mühafizəsi sahəsində Azərbaycanda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Ölkəmizdə insan hüquqlarının və azadlıqlarının müdafiəsi üzrə uzunmüddətli dövr üçün Milli Fəaliyyət Proqramları təsdiq edilmişdir və uğurla həyata keçirilir. Belə ki, 2011-ci ildə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Proqram"ın, 2012-ci ildə isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsi uzunmüddətli dövr üçün insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması məsələsini daha da aktuallaşdırmışdır.
Melikşah Universiteti hüquq fakültəsinin dekanı Murat Şen Azərbaycanda insan azadlıqlarının və hüquqlarının qorunması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının sahibkarlıq hüququ" mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda iqtisadi tərəqqi üçün əlverişli şəraitin yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunması, bu sahədə sui-istifadə hallarının qarşısının alınması təmin olunur.
Ş.Əliyev vurğulamışdır ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən sahibkarlar öz hüquqlarını yaxşı bilməlidir. Bunun üçün təkcə dövlətin deyil, hüquqşünasların da üzərinə böyük vəzifə düşür.
Daha sonra konfransda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsində Milli Məclisin rolu" mövzusunda məruzəsi dinlənilmişdir.
İki gün davam edəcək konfransda "İttiham elan edilmiş təqsirli şəxsin bu barədə bilmək hüququnun təşkilati-hüquqi mexanizmləri: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəsi əsasında", "Osmanlı hüququnda insan haqları", "Dağlıq Qarabağ münaqişəsi insan hüquqlarına təhdid kimi: etnik təmizləmə kontekstində", "Qadın hüquqları insan hüquqlarının tərkib hissəsi kimi" və digər mövzularda məruzələr də dinlənəcəkdir.
Qeyd edək ki, tədbir çərçivəsində Türkiyə-Azərbaycan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının təsis edilməsi, növbəti beynəlxalq tədbirlərin təşkili üçün işçi qrupunun yaradılması, konfransın Bəyannaməsinin elan olunması nəzərdə tutulur.