Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı
Qafqaz universitetində "Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı" adlı anım tədbiri keçirilib. Anım mərasimində universitetin müəllim, tələbə heyyəti ilə yanaşı millət vəkilləri də iştirak etmişdilər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sukutla anılıb. Tədbiri giriş nitqi ilə açan Universitetin prorektoru Niftalı Qocayev Azərbaycan Tarixinə nəzər salaraq xüsusən 1988-91-ci illərdə baş verən hadisələrdə dahi şəxsiyyət Heydər Əliyevin rolundan danışıb. O bildirib ki, bu günümüz üçün ümummilli liderimizə borcluyuq.Sonra millət vəkili Məlahət Həsənova hələ sovet dövründə Azərbaycan dilinin, ədəbiyyatının, milli kimliyimizin, milli məfkurəmizin, təfəkkürümüzün, formalaşmasında və qorunmasında Ümummilli liderimizin əməyindən, müasir Azərbaycan dövlətini qurmasından, dünyada tanıtmasından danışıb. Geniş çıxış edən millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri bu həqiqətləri bilməli və daim yaşatmalıdırlar. O, Qafqaz universitetində yüksək səviyyədə təhsillə yanaşı tariximizin öyrədilməsinə diqqət yetirildiyini deyib. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsini də xüsusi vurğulayıb.